Vergi orqanı səyyar vergi yoxlamasının müddətini artırmaq istəyinə sahibkar necə əngəl ola bilər?
Sual: Səyyar vergi yoxlaması zamanı vergi müfəttişi bildirişdə göstərilən tarixdə gəlməyib. İndi sənəd təqdim edir ki, vaxtı uzadıram. Bu isə təşkilatımızın normal iş rejiminə pis təsir edir. Çünki bir aydır ki, işgüzar görüşlərimizi və səfərlərimizi təxirə salmışıq. Ümumiyyətlə, vergi orqanının günahı ucbatından vaxtında icra olunmayan səyyar vergi yoxlamasının müddətinin artırılması mümkündürmü?
Cavab: Səyyar vergi yoxlmasının müddəti Vergi Məcəlləsinin 38-ci maddəsinə əsasən uzadıla bilər. Həmin maddədə qeyd edilib ki, Növbəti səyyar vergi yoxlaması ildə bir dəfədən çox olmayaraq keçirilir və 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Gördüyünüz kimi bu maddədə «müstəsna hallar»ın konkret açılışı verilməyib. Burdan belə nəticəyə gəlmək olar ki, vergi orqanları hər hansı bir (kiçik, ya böyük, fərqi yoxdur) əsas gətirərək yoxlama müddətini uzada bilər. Sadəcə, əvvəlki bir ay ərzində vergi orqanı müfəttişi vaxtında gəlməyəndə siz Vergi Məcəlləsinin 15-ci maddəsini əsas götürərək, yəni hüquqlarınızdan istifadə edərək, vergi orqanının vəzifəli şəxslərinə müraciət edə bilərdiniz və onlar da həmin müfəttiş haqqında ölçü götürərdilər. Artıq siz müfəttişin vaxtında gəlməməsini heç nə sübut edə bilməzsiniz. Təcrübə göstərir ki, səyyar yoxlama müddətinin uzadılmasına əsas kimi heç vaxt vergi orqanının vəzifəli şəxslərinin günahı göstərilmir.
0 Komment
Şərh yazın