Xariсi ölkənin bayram günündə istirahət və rəsmi bayram günü işləmək qanunaziddir?
Sual: Təşkilatımız Azərbaycanda xarici ölkənin nümayəndəliyi kimi fəaliyyət göstərir. Təşkilatımızın rəhbəri təmsil etdiyimiz ölkənin milli bayramı olan gün işləməmək qərarı verib. Bu qərar qanunvericiliyə zidd deyil ki? İkinci sualım ondan ibarətdir ki, noyabrın 9-u, Dövlət Bayrağı günü təşkilatımız işləyib, əvəzində isə noyabrın 15-i də daxil olmaqla 5 günlük istirahətə getməyi planlaşdırır. Bu nə qədər qanuna uyğundur və ümümiyyətlə bu tip məsələlərinin rəsmiləşdirilməsi üçün hansı tövsiyələr verə bilərsiniz?
Cavab: Hər hansı bir xarici dövlətin bayram günü Respublikamız üçün bayram günü ola bilməz. Respublikamızda bayram günləri, Əmək Məcəlləsinin 105-ci maddəsi ilə tənzimlənir. Həmin günlərdən başqa hər hansı bir gün bayram günü kimi qeyd oluna bilməz. Sizin təşkilatınızın rəhbərliyi həmin tarixi bayram günü kimi yox, hər hansı bir hadisə ilə bağlı istirahət günü kimi təmin edə bilər.
Sualın ikinci hissəsi ilə bağlı Əmək Məcəlləsinin 107-ci və 101-ci maddəsinə diqqət yetirək:
Maddə 107. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günü işçilərin işə cəlb olunmasının yolverilməzliyi
Bu Məcəllənin 101-ci maddəsinin «a» və «b» bəndlərində nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir.
Maddə 101. İş vaxtından artıq işlərə yol verilən müstəsna hallar
1. İş vaxtından artıq işlərə yalnız aşağıdakı müstəsna hallarda yol verilir:
a) dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə;
b) su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaqdan ötrü zəruri işlərin görülməsini təmin etmək üçün;
Gördüyünüz kimi Məcəllədə konkret yazılıb ki, bayram günlərində işçinin işə cəlb olunması qadağandır. Ancaq 101-ci maddədə nəzərdə tutulan hallardan başqa. Belə başa düşürəm ki, sizin işlədiyiniz təşkilat həmin maddədə göstərilən işlərdə çalışmır, təşkilatınızda hər hansı bir istehsalat qəzası baş verməyib, təbii fəlakət olmayıb. Odur ki, sizin bayram günlərində işə cəlb olunmağınız, sonradan isə dalbadal 5 gün istirəhət etməyiniz düzgün deyil. Məntiqlə sizin dediyiniz halda ümumi iş günlərinin miqdarı dəyişmir, yəni ayın 9-u işləyib, sonradan onun əvəzində ayın 15-i istirahət edirsiniz. Sual oluna bilər ki, bəs onda bayram günü nəyə lazımdır. Dövlətimiz həmin günü bayram günü elan edir ki, xalq istirahətdən əlavə həmin günü bayram etsin. Ona görə də bayram günündə işləmək olmaz, əks halda bu bayram günü yox, sadəcə istirahət günü kimi qəbul olunardı.
0 Komment
Şərh yazın