Əmək müqaviləsi işçi işə götürüldükdən neçə gün sonra bağlanmalıdır?
Sual: Altay müəllim, oxucumuz Esmira Əhmədova maraqlı bir sual göndərib: Əmək müqaviləsi işçi işə götürüldükdən neçə gün sonra bağlanmalıdır və minimum neçə günlük ola bilər?
Cavab: Doğrudan da sual çox praktik və maraqlıdır. Mən praktikamda bu kimi hallarla çox qarşılaşmışam. Audit zamanı görürəm ki, işçi bir və yaxud iki ay işləsə də, onunla əmək müqaviləsi bağlanılmayıb. Soruşuranda niyə işçilə müqavilə bağlamamısınız, cavab verirlər axı, işçi hələ bir (və ya iki) ay
işləyib. Qoy, hələ ən azı bir il işləsin ki, onunla əmək müqaviləsi bağlayaq. Bu, çox yanlış və heç bir qanuni əsası olmayan yanaşmadır. Əmək Məcəlləsinə görə, işçi ilə işəgötürən arasında əmək münasibəti yaranan anda əmək müqaviləsi bağlanılmalıdır. Bu da o deməkdir ki, işçini əmək müqavilə bağlamadan işə götürmək olmaz. Bu məsələilə bağlı Əmək Məcəlləsində istisna bir hal nəzərdə tutulub ki, hər hansı bir səbəbə görə əmək müqaviləsinin bağlanılması maksimum 3 gün gecikə bilər. Gələk sualın əmək müqaviləsinin müddətilə bağlı hissəsinə. Əmək müqaviləsi Əmək Məcəlləsinə əsasən müddətli və müddətsiz bağlanıla bilər. Müddətli əmək müqaviləsi maksimum 5 il müddəti nəzərdə tuta bilər. Dediyim kimi, bu barədə Əmək Məcəlləsində konkret
müddət göstərilib. Ancaq əmək müqaviləsi 1 ay, 2 ay, 2 ay yarım, 3 ay və s. bu kimi müddətlərə də bağlanıla bilər. Buna heç bir məhdudiyyət qoyulmayıb.
Söhbətimizin bu yerində mütləq bir məqamı qeyd etməliyəm ki, müddətli əmək müqaviləsinin bağlanılmasına da bir çox məhdudiyyət var. Yəni, müddətli
əmək müqaviləsi hər bir işçi və iş yeri üçün bağlanıla bilməz.
0 Komment
Şərh yazın