Telefon xərclərini necə rəsmiləşdirmək lazımdır?

Telefon xərclərini necə rəsmiləşdirmək lazımdır?

Sual: Şəxsi telefonundan xidməti danışıqlar məqsədilə istifadə edən işçiyə telefon kartının alınması üçün pul vəsaiti ödənilir. Bu zaman vergi və məcburi sosial ayırma öhdəlikləri necə olur və gəlir aid edilən xərclərdə öz əksini necə tapır?

Cavidan Qurbanov

CAVAB: Suala aydınlıq gətirmək üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 108-ci və 109-cu maddələrinə nəzər yetirək.

Maddə 108. Gəlirin əldə edilməsi ilə bağlı xərclər

Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Maddə 109. Gəlirdən çıxılmayan xərclər

109.3. Əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir.

109.4. Sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi ödəyicisinin xərcləri bu cür fəaliyyət çərçivəsində çəkilirsə, müvafiq olaraq əyləncə və sosial xərclər gəlirdən çıxılır.

109.5. Fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri gəlirdən çıxılmır.

Göründüyü kimi 108-ci maddədə konkret yazılıb ki, gəlirin əldə olunması ilə bağlı olan xərclər gəlirdən çıxılmalıdır və həmçinin 109-cu maddədə qeyd olunub ki, fiziki şəxsin fərdi istehlakla və əmək haqqının alanması ilə bağlı olan xərcləri gəlirdən çıxılmır.

Sizin verdiyiniz sualdan məlum olur ki, telefon və nömrə şəxsən işçiyə aid olsa da, işlə bağlı danışıqları aparmaq üçün (gəlirin əldə olunması ilə bağlı olaraq) ona danışıq kartı verilib və işçi kartı bu məqsədlər üçün istifadə edib. Buradan belə məlum olur ki, kartla bağlı xərc gəlirdən çıxılır və işçinin gəliri hesab olunmur, gəlir vergisinə və məcburi sosial sığortaya cəlb olunmur.

Amma bir məqamı qeyd etməliyəm ki, istənilən vergi və DSMF orqanı səyyar yoxlamalar zamanı bu tipli məbləğləri həmin işçinin şəxsi istehlakla bağlı gəliri kimi nəzərə alacaq, həmin məbləğlər təşkilatın gəlirindən çıxılmayacaq və müvafiq qaydada işçinin aylıq gəlirinə əlavə olunmaqla, gəlir vergisinə və məcburi sosial sığortaya cəlb olunacaq. Onlar bunu belə əsaslandırırlar ki, təşkilat öz gəlirini təmin etmək üçün işçiyə telefon almasa da, telefon nömrəsi alıb verməlidir və yalnız bu zaman telefon danışıqları xərcləri silinə bilər. Qeyd etdiyim kimi baxdığımız halda xərcin gəlirlə bağlı olmasını sübut etmək çox çətindir. Ona görə də məsləhət bilərdim ki, telefon işçinin adına olsa da, telefon nömrəsini təşkilatın adına almaq lazımdır. Bu halda ayın sonunda telefon danışıqları xərc sayılar və işçinin gəliri hesab olunmaz.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər