Təsisçi istədiyi vaxtda dividendi götürə bilər?

Təsisçi istədiyi vaxtda dividendi götürə bilər?

Sual: Salam. Təsisçi istədiyi halda, dividendi götürə bilər, yoxsa, ötən dövrlər üzrə mənfəətindən istifadə etməlidir? Ümumiyyətlə, dividendin əldə edilməsi hansısa daxili sənədlə, yoxsa nizamnamə ilə tənzimlənir?
Nicat Qurbanov

Cavab: Sualınıza cavab vermək üçün ilk növbədə dividend anlayışının açılışına baxaq. Mühasibat uçotu standartlarında dividendlər haqqında xeyli məlumat var. Əvvəlcə Vergi Məcəlləsində dividend anlayışının açılışına baxaq:
13.2.15. Dividend – hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonragəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş.
Mühasibat uçotu standartlarında dividendin açılışı Vergi Məcəlləsindəki ilə demək olar ki, eynidir. Sadəcə standartlarda xalis mənfəət deyil, bölüşdürülməmiş mənfəət anlayışından istifadə olunur və orada artıq sadələşdirilmiş vergi ödəyicisi anlayışı yoxdur. Belə başa düşülür ki, dividend müəssisənin bölüşdürülməmiş mənfəətinin təsisçilər, səhmdarlar arasında bölüşdürülən hissəsidir. Deməli, müəssisənin bölüşdürülməmiş mənfəəti (xalis mənfəəti) olmasa, dividend də olmaz. Dividend əsasən maliyyə ili sona çatdıqdan sonra səhmdarlara elan edilir. Maliyyə ili qurtardıqdan sonra hesabatlar dərc olunan tarixə kimi də dividendlər səhmldarlara elan oluna bilər. Elan oluna bilər ki, cari ilin böluşdürülməmiş mənfəətindən hər bir səhmdara nə qədər dividend ödəniləcək.
Amma mühasibatlıqda aralıq dividendlər anlayışı da var. Bunu  belə başa düşmək olar ki, cari maliyyə ili başa çatmamışdan, təsisçilərə əvvəlki ilin bölüşdürülməmiş mənfəətindən dividend verilə bilər. Eyni zamanda, cari il müəssisə mənfəətlə işləyərsə, bu, rəhbərlik tərəfindən hesabatlılıq formasında müəyyənləşdirilir, əgər bölüşdürülməmiş mənfəət varsa, dividend verilməsi mümkündür. Bu məsələ Vergi Məcəlləsi baxımından sadələşdirilmiş vergi ödəyiciləri üçün çox asandır. Onlar ən azı rüb qurtardıqdan sonra gəlirlərini və xərclərini müəyyənləşdirirlər, yerdə qalan vəsait onların xalis mənfəəti sayılır və onu dividend kimi ödəyə bilərlər. Dividendləri ödəmək üçün təsisçilər iclas keçirməlidirlər. İclasda hesabatlara əsasən müəyyənləşdirilmiş bölüşdürülməmiş mənfəətdən paylarına uyğun olaraq hər kəsə nə qədər dividend ödənilməsi müəyyənləşdirilir. İclasın sonunda qərar qəbul olunaraq elan edilir ki, hər təsisçiyə nə qədər dividend ödənilir

2 Komment

  1. Gunay 07 Aprel 2022

    divident nağd yoxsa hesaba köçürmə ilə ödənilir?

  2. Mətanət 03 İyul 2022

    SALAM ! Əğər MMC-nin təsisçisi 1 nəfərdirsə onda necə qərar qəbul etməlidir ? Yəni qərarı özü tək qəbul etməlidir yoxsa işçilərin iştirakı ilə ? Əmri də özü özü üçün verməlidir ? Xahiş edirəm bu barədə bizə məlumat verəsiniz. Mümkünsə əmrin və qərarın formasını bizə təqdim edərdiniz. Əvvəlcədən öz minnətdarlığımızı bildiririk.

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər