VERGİ ÖDƏYİCİSİNİN ƏMLAKI HANSI HALDA HƏRRACA ÇIXARILIR?

VERGİ ÖDƏYİCİSİNİN ƏMLAKI HANSI HALDA HƏRRACA ÇIXARILIR?


Sual: - Ərzaq dükanı işlədirəm. Vergi yoxlaması gəlib və mənə külli miqdarda cərimə yazıb. Vergini nə qədər müddət ödəməsəm, mallarım hərraca çıxarılacaq? Ümumiyyətlə, vergi ödəyə bilmədiyimə görə mağazamı bağlaya bilərlərmi?

Cavab: Sual konkret Vergi Məcəlləsinə aid olduğundan bu sənədə müraciət edək.

Maddə 65. Vergilər üzrə borcların alınması qaydası
65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.
65.2. Hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər və ya tətbiq edilmiş maliyyə sanksiyaları vergi ödəyicisi tərəfindən bildirişdə göstərilən müddətdə ödənilmədiyi halda vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banka və ya digər kredit təşkilatına icra (ödəniş) sənədi olan sərəncam verir.

Əvvəllər Vergi Məcəlləsinin bu maddəsində qeyd olunmuşdu ki, vergilər, faizlər, maliyyə sanksiyaları üzrə borclar 3 ay müddətində ödənilməsə, onda əmlak siyahıya alına bilər. Artıq son iki ildə olan dəyişikliyə əsasən, vergi ödəyicisinin hər hansı vergi öhdəliyi yaranırsa, qeyd etdiyiniz kimi maliyyə sanksiyası tətbiq olunur. Vergi orqanları tərəfindən qərar yazılır, onun ödənilməsi haqqında tələbnamə göndərilir. Tələbnamədə konkret vaxt göstərilir (adətən 10 gün) ki, bu müddətdə vergini ödəməlisiniz. Əgər həmin müddətdə ödəməsəniz, vergi orqanı sizə bildiriş göndərir ki, 5 gün ərzində həmin vəsaiti ödəyin, ödəməsəniz, sizin bank hesablarınıza sərəncamlar qoyulacaq.
Vergi Məcəlləsinin digər maddəsində əmlakın siyahıya alınması haqqında məlumat verilir.
Maddə 89. Əmlakın siyahıya alınması
89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər.
Maddə 90. Vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydası
90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər.
Maddələrdən görünür ki, əmlakın siyahıya alınmasına kimi olan müddət konkret göstərilməyib. Belə aydın olur ki, vergi ödəyicisinin hər hansı borcuna görə bank hesablarına sərəncam qoyulandan sonra istənilən vaxt vergi orqanları sizin mağazada olan malları siyahıya ala bilər. Və bundan sonra 30 gün müddətində borcunuzu ödəməsəniz, onda siyahıya alınmış mallarınız hərracda satıla bilər.
Qaldı mağazanın bağlanmasına, Vergi Məcəlləsinin 23-cü maddəsinə nəzər yetirsək (vergi orqanlarının hüquqları) görərik ki, vergi orqanlarının mağaza bağlamaq səlahiyyətli yoxdur.

 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər