Fərdi sahibkarların regionlar üzrə TOP 3lüyü

Fərdi sahibkarların regionlar üzrə TOP 3lüyü

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu il aprelin 1-nə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 804 minə yaxınlaşıb. Hər altı fərdi sahibkardan beşi «Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq», «Ticarət; nəqliyyat vasitələrinin təmiri», «Digər sahələrdə xidmətlərin göstərilməsi» və «Nəqliyyat və anbar təsərrüfatı» sahələri üzrə qeydiyyatdan keçib. Fərdi sahibkarların əsas hissəsi Bakıda (29,8 faiz), Aran (20,7 faiz), Gəncə-Qazax (14,0 faiz), Lənkəran (10,1 faiz) və digər iqtisadi rayonlarda qeydiyyata alınıb. Fərdi sahibkarların 78,5 faizi kişilər, 21,5 faizi isə qadınlardır. Qadınlar «Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq» fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 27,0 faizini, «Digər sahələrdə xidmətlərin göstərilməsi» fəaliyyət sahəsində 25,6 faizini, «Ticarət; nəqliyyat vasitələrinin təmiri» fəaliyyət sahəsində isə 20,7 faizini təşkil edir. Sahibkar qadınların 31,7 faizi Bakıda, 17,6 faizi Aran, 17 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Fərdi sahibkarların regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (22,8 faiz), Gəncə-Qazax (26,0 faiz) və Lənkəran (22,5 faiz) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

Biznes mühitinin yaxşılaşdırılması və qeyri-neft sektorunda sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən tədbirlər nəticəsində 2003-2017-ci illərdə ölkəmizin sahibkarlıq subyektlərinin sayı 4,2, hüquqi şəxslərin sayı 1,9, kiçik müəssisələrin sayı 2, fərdi sahibkarların sayı isə 5 dəfə artıb. Bu müddət ərzində ölkə iqtisadiyyatına cəlb olunan xarici investisiyanın həcmi 2,6 dəfədən çox artıb. İnvestisiyaların təşviqi mexanizminin tətbiqi nəticəsində 2017-ci ilin may ayından 2018-ci ilin fevral ayının əvvəllərinədək 244 investisiya layihəsinə təşviq mexanizmi tətbiq olunub, 2,1 mlrd. manatlıq investisiyanın cəlb edilməsinə və 16 mindən çox yeni iş yerinin açılmasına şərait yaranıb.

"Vergilər" qəzeti

 

0 Komment

    Şərh yazın