Ötən illər ərzində vergi xidməti iqtisadiyyatda şəffaflığın təmin edilməsi üçün bir sıra mühüm addımlar atıb, “boz iqtisadiyyat”ı leqallaşdırmaq istiqamətində mühüm irəliləyişlər əldə edib. Bu fikri III Vergi və Mühasibatlıq Zirvəsindəki açılış nitqində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov səsləndirib.
N.İmanovun sözlərinə görə, iqtisadiyyatın məhz qeyri-neft sektorunun inkişafı və şəffaflaşması iqtiqamətində aparılan islahatlar müsbət nəticələr verir: “İqtisadi inkişafa verə biləcəyimiz ən böyük töhfələrdən biri fiskal dayanıqlılığın təmin edilməsi, biznes subyektlərinin şəffaf şəkildə inkişaf etdirilməsinin təşviq edilməsi, vergi siyasəti alətləri ilə məşğulluğun səviyyəsinin artırılmasına töhfə verilməsi və sahibkarlıq mühiti üçün rahat inzibati şərtlər təmin etməklə onların vergi ödəmələrinə könüllü şəkildə əməletməsinə nail olmaqdır. Son 6 ildə aparılan islahatlar nəticəsində qeyri-neft sektorunun özəl bölməsində məşğulluq səviyyəsi 82 faizdən çox, əməkhaqqı fondunun həcmi isə 2,7 dəfə artıb. Aktiv vergi ödəyiciləri 2019-cu illə müqayisədə 1,8 dəfə, ƏDV ödəyicilərinin sayı 3 dəfəyə yaxın artıb. Bunlar isə məhz sahibkarlığın inkişafı və şəffaflaşması ilə bağlı bizim iqtisadiyyata verə biləcəyimiz əsas töhfələrdən biri olub”.
Baş idarə rəisi əlavə edib ki, son 6 ildə sosial müdafiə gəlirlərində 2,5 dəfədən çox artım olub. Bu müddətdə dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna transfertlərin həcmi 18 faiz bəndi azalıb.
N.İmanov məşğulluğun təmin olunması, əmək müqavilələrinin leqallaşması, iqtisadiyyatın inkişafı, aktiv ödəyicilərin sayının artması kimi hədəflərin qarşıya qoyulduğunu vurğulayıb. Vergi sisteminin 2025-2028-ci illər üçün inkişaf strategiyasında əsasən 4 qrup istiqamət müəyyən olunduğunu bildirib: “Bunlardan biri vergi orqanlarında insan kapitalının səviyyəsinin daha da yüksəldilməsidir. Burada biz dürüstlük, peşəkarlıq, təşəbbüskarlıq, innovativlik kimi dəyərlərimizi üstün tuturuq və komandamızın mütəmadi olaraq peşəkar keyfiyyət və səriştələrinin artırılması ilə bağlı müvafiq işlər görürük. Strategiyamızdakı ikinci fəaliyyət istiqaməti isə dayanıqlı, davamlı iqtisadi inkişafı təmin edən vergi sisteminin formalaşdırılmasıdır. Məhz sahibkarlığın inkişafını, biznesin böyüməsini təmin edən vergi siyasəti alətləri tətbiq olunmalıdır. Kapitalın biznesə geri qayıtması, reinvestisiyaları təşviq edən vergi siyasəti alətlərinin tətbiq olunması da prioritetdir. Digər fəaliyyət istiqamətimiz isə ölkədə vergidən yayınma və “kölgə iqtisadiyyatı” ilə mübarizə tədbirlərinin davam etdirilməsi və bu sahədə dayanıqlılığın təmin olunmasıdır. Biz elə bir mühit yaratmaq istəyirik ki, vergi ödəyiciləri üçün həm vergi yükünə görə, həm vergilərin ödənilməsi prosesinə görə şəffaf işləmək iqtisadi baxımdan səmərəli olsun. Dördüncü mühüm istiqamətimiz vergi ödəyicilərinin könüllü vergi əməletmə səviyyəsinin artırılması və vergi mədəniyyətinin yüksəldilməsidir”.
2024-cü ilin nəticələrinə görə, bütün vergi daxilolmaları üzrə yığımların 93 faizini məhz vergi ödəyiciləri könüllü şəkildə dövlət büdcəsinə ödəyib. Bununla Dövlət Vergi Xidməti insan mərkəzli və innovativ xidmətlərlə könüllü əməletməni sadə və əlçatan edən etibarlı tərəfdaş olmağı hədəfləyir.
N.İmanov vergi siyasətinin yeni konturlarına da toxunub. Bildirib ki, qarşıdakı dövrdə dövlətin inkişafının dəstəklənməsi və sosial-iqtisadi rifahın artırılmasında vergi siyasətinin rolunun daha da gücləndirilməsi nəzərdə tutulur. Yaxın gələcək üçün siyasətin əsas konturlarında büdcənin vergi gəlirlərinin formalaşdırılmasında istehlak xərclərinin şəffaflaşdırılması ilə dolayı vergilərin payının artırılmasına üstünlük verilməsi, həmçinin biznesin korporativ yükünün azaldılması imkanları əsas diqqət mərkəzində olacaq.
“Fikrimizcə, bu, vergi ödəyicilərinə sərbəst mənfəətlərinin reinvestisiya edilməsi, yeni iş yerləri yaradılması və əmək haqlarının artırılması üçün maliyyə imkanları verə bilər. Həmçinin, ölkənin qarşısında duran iqtisadi hədəflərə söykənməklə həmin hədəflərə xidmət edən real sektora təşviq məsələləri nəzərdən keçirilə bilər. Vergi siyasətinin fiskal alətləri, ilk növbədə, gəlir yaradan məşğulluğu, ixracı, müəssisələrə əlavə investisiya üçün şəraiti dəstəkləyəcək ki, bu da bizə ölkənin inkişafında ixracat və investisiya payının artırılmasına, iqtisadi inkişafa və yüksək sosial rifaha malik vətəndaş cəmiyyətinin formalaşmasına imkan verəcək” – deyə Baş idarə rəisi qeyd edib.
Fərqanə ALLAHVERDİQIZI
Vergiler.az
0 Komment
Şərh yazın