
Samirə Musayeva: "Yeni Vergi Məcəlləsində əsas diqqət sahibkarlığın inkişafına yönəldiləcək"
Dövlət Vergi Xidmətinin rəis müavini: "Xüsusilə, mikro və kiçik sahibkarlıqdan orta sahibkarlığa keçidi təşviq edən vergi siyasəti alətləri geniş tətbiq olunacaq"
Ötən həftə Azərbaycanda vergi xidməti işçiləri peşə bayramlarını qeyd etdilər. Eyni zamanda, ölkənin müasir vergi sisteminin yaradılmasının 25 illiyi münasibətilə keçirilən tədbirlərdə vergi sahəsində aparılan islahatlar və əldə olunan uğurlar vurğulandı. Vergi sisteminin inkişafı təkcə dövlət büdcəsinin gəlirlərinin formalaşmasında deyil, həm də iqtisadiyyatın şəffaflaşması, sahibkarlıq mühitinin yaxşılaşdırılması və kölgə iqtisadiyyatı ilə mübarizə baxımından mühüm rol oynayır. Son illər vergi inzibatçılığının təkmilləşdirilməsi və vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində atılan addımlar bu sahənin daha da modernləşməsinə imkan yaradıb.
İndiyədək həyata keçirilən islahatların nəticələri və qarşıda duran prioritetlər barədə “Report”un suallarını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva cavablandırıb.
- Gələcək hədəflərdən danışarkən bilmək istərdik ki, yeni Vergi Məcəlləsinin hazırlanması gündəmdədirmi?
- Bəli, yeni Vergi Məcəlləsinin hazırlanması gündəmdədir və bu prosesə ötən ildən başlanılıb. İlk mərhələdə vergi orqanının rəsmi internet səhifəsində xüsusi bölmə yaradıldı və ictimaiyyətə, vergi ödəyicilərinə yeni Məcəllədə hansı dəyişikliklərin edilməsini istədikləri barədə açıq çağırış edildi. Bu çərçivədə mövcud Vergi Məcəlləsində hansı müddəaların artıq aktual olmadığı, biznes mühitinə mane olduğu və optimallaşdırılması lazım gəldiyi barədə rəy və təkliflər toplandı.
Bununla yanaşı, iri holdinq şirkətlərinə və biznes subyektlərinə müraciət edilərək onların yeni Vergi Məcəlləsinə yanaşmaları və ictimai iştirakçılığın təmin olunması ilə bağlı fikirləri öyrənildi. Həmçinin, bazarda xüsusi çəkisi olan konsaltinq şirkətlərinin rəyləri toplandı. İlkin mərhələdə ictimaiyyətin və vergi ödəyicilərinin aktiv iştirakçılığı müşahidə olundu və bu, yeni Vergi Məcəlləsinin hazırlanmasında əsas prinsiplərdən biri kimi nəzərə alınacaq. Hazırda biznes assosiasiyaları və sahibkarlıq subyektləri ilə sektoral və ümumi müzakirələr davam etdirilir.
Yeni Vergi Məcəlləsinin əsas məqsədlərindən biri vergi qanunvericiliyinin daha anlaşılan olması, sahibkarlıq mühitinin inkişafını dəstəkləyən optimal vergi yükünün müəyyən edilməsi və iqtisadi artımı təşviq edən vergi alətlərinin tətbiqidir. Beynəlxalq təcrübə araşdırılıb və strateji hədəflərə uyğun olaraq iqtisadi inkişafı dəstəkləyən vergitutma mexanizmlərinin formalaşdırılması istiqamətində geniş təhlillər aparılıb.
Yeni Məcəllədə əsas diqqət sahibkarlığın inkişafına yönəldiləcək. Xüsusilə, mikro və kiçik sahibkarlıqdan orta sahibkarlığa keçidi təşviq edən vergi siyasəti alətləri geniş tətbiq olunacaq. Reinvestisiyaların stimullaşdırılması, biznesin mənfəətinin yenidən inkişaf üçün istifadə edilməsinin təşviqi və dolayı vergilər hesabına dövlət büdcəsinin gəlirlərinin təmin edilməsi əsas prioritetlərdən biridir.
Bundan əlavə, beynəlxalq vergi təcrübəsi nəzərə alınaraq ekoloji dayanıqlığın təmin edilməsi, karbon emissiyalarının azaldılması və ekoloji vergilərin tətbiqi məsələləri də müzakirə olunur. Xüsusilə, karbon emissiyası yüksək olan sektorlar üzrə sahibkarlıq subyektləri ilə məsləhətləşmələr aparılır. Eyni zamanda, vergi təşviqlərinin yenidən çeşidlənməsi və hədəfli təşviq mexanizmlərinin tətbiqi nəzərdə tutulur.
Qeyd edim ki, ötən il Vergi Məcəlləsinə edilən mühüm dəyişikliklərdən biri strateji investisiya layihələri və dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən iri investisiya layihələri üçün vergi güzəştlərinin tətbiqi oldu. Xüsusilə, bərpa olunan enerji mənbələrindən istifadə etməklə elektrik enerjisi istehsal edən vergi ödəyicilərinə əhəmiyyətli vergi güzəştləri təqdim edildi. Ortamüddətli perspektivdə də bu cür təşviq mexanizmlərinin yeni Vergi Məcəlləsində öz əksini tapması planlaşdırılır.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2025
2. "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı"
3. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu
4. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı IV nəşr) -2025 (fevral ayından satışda olacaq)
6. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)
7. ƏMAS Platforması - 2024 (II nəşr)
8. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr (fevral ayından satışda olacaq)
8. Vergi uçotu A-dan-Z-yə - VIII nəşr (fevral ayından satışda olacaq)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın