Dövlət Vergi Xidməti hüquq və digər ixtisas sahələri üzrə müsabiqə elan edir

Dövlət Vergi Xidməti hüquq və digər ixtisas sahələri üzrə müsabiqə elan edir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində hüquq və digər ixtisas sahələri, o cümlədən Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində istintaq, təhqiqat, əməliyyat-axtarış və hüquq sahələri üzrə vakant vəzifələrə işə qəbulla bağlı müsabiqə elan edir

Dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqənin keçirilməsi qaydaları

Dövlət vergi orqanlarına xidmətə qəbul “Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 18.03.2022-ci il tarixli 2217040100301500 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin sənədlərinin toplanması, vakant vəzifələrin tutulması üçün kadr ehtiyatının formalaşdırılması və idarə edilməsi Qaydaları”na müvafiq olaraq aparılır.  

Müsabiqədə iştirak etmək üçün namizədlərə dair tələblər

Müsabiqədə iştiraka ali təhsilə malik (digər ixtisas sahələri üzrə müraciət edən namizədlər üçün ixtisas tələbi yoxdur), yaşı 35-i keçməmiş (“Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1.7-ci bəndində göstərilən şəxslər üçün müəyyən olunmuş yaş həddi tətbiq edilmir) Azərbaycan Respublikasının vətəndaşları buraxılırlar.

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər 

Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinə (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq doldurulan elektron ərizə forması;

Ali təhsil haqqında dövlət sənədinin (xaricdə təhsil almış namizədlər üçün təhsil haqqında sənədlərin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının) tanınması ilə bağlı müvafiq sənədin) surəti; 

Məhkumluğun olmaması barədə arayışın surəti (müvafiq arayışın verilmə tarixi son 6 (altı) ayı əhatə etməlidir).

Müsabiqədə iştirakla bağlı sənəd qəbulu

Müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə 21.09.2023-cü il saat 10:00-dan 19.10.2023-cü il saat 23:59-dək həyata keçiriləcək. 

Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar göstərilən müddət ərzində Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində (www.taxes.gov.az və www.e-taxes.gov.az) yerləşdirilmiş elanda qeyd olunan elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasına ali təhsil haqqında dövlət sənədinin (xaricdə təhsil almış namizədlər üçün təhsil haqqında sənədlərin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının) tanınması ilə bağlı müvafiq sənədin) və məhkumluğun olmaması barədə arayışın surətləri mütləq qaydada fayl şəklində əlavə olunmalıdır. 

Ərizənin sistemə daxil olduğu gündən 10 iş günü müddətində namizədin müsabiqədə iştirakla bağlı qoyulan tələblərə uyğunluğunun qabaqcadan müəyyən edilməsi məqsədilə ilkin yoxlama aparılacaq və nəticəsi barədə namizədin elektron poçt ünvanına məlumat göndəriləcək.

Namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı texniki problem yarandıqda, habelə ərizə ilə müraciət etdikləri müddətdən 10 iş günü keçdiyinə baxmayaraq onların elektron poçt ünvanına heç bir məlumat göndərilmədikdə 012-403-81-35 nömrəli telefonla Dövlət Vergi Xidmətinə, o cümlədən Bakı şəhərində və regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.  

Müsabiqənin keçirilməsi

Elektron ərizənin Dövlət Vergi Xidməti tərəfindən təsdiq edildiyi barədə elektron poçt ünvanına bildiriş göndərilmiş namizəd həmin bildirişdə qeyd olunmuş müvafiq linkə daxil olmaqla 24.10.2023-cü il saat 23:59-dək elektron ərizəsini təsdiq etməlidir. Elektron ərizəsini təsdiq etmiş namizədlər 31.10.2023-cü il tarixdən imtahana buraxılış vərəqələrini əldə edə bilərlər. Elektron ərizənin təsdiqi və imtahana buraxılış vərəqəsini əldə etmək üçün namizəd Dövlət İmtahan Mərkəzinin internet səhifəsində şəxsi kabinet yaradaraq qeydiyyatdan keçir, kabinet yaradılan zaman onun pul hesabı açılır və həmin hesaba imtahanda iştirak üçün tələb olunan 94 AZN vəsaiti ödəyir. Ödəniş məbləği Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin “BA” vəzifə qrupu üzrə keçirilən test imtahanında iştirak üçün müəyyən edilmiş məbləğə uyğunlaşdırılmışdır.

Müsabiqənin test imtahanı mərhələsi 05.11.2023-cü il tarixdə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək. İmtahana daxil olmaq üçün namizəd şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsini özü ilə gətirməlidir.

Test imtahanın vaxtı 3 saat müəyyən edilmişdir.

Test imtahanının sualları Dövlət Vergi Xidmətində hüquq sahəsinə, Dövlət Vergi Xidmətində digər ixtisas sahəsinə və Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə işə qəbul olmaqla 3 kateqoriyaya bölünür. İmtahanda namizədlərə 100 sual təqdim olunacaq. Hər imtahan sualı 1 balla qiymətləndirilir və ballar hesablanarkən səhv cavablar düzgün cavablara təsir etmir.

Müsabiqənin test imtahanı mərhələsinin suallarını özündə əks etdirən ədəbiyyat siyahısı və sual nümunələri Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “Ədəbiyyat siyahısı və test tapşırığı nümunələri” bölməsində yerləşdirilmişdir.

Test imtahanında mümkün olan baldan azı 70 faizini toplamış namizəd müsahibəyə buraxılır.

Müsabiqənin test imtahanı mərhələsindən uğurla keçən, həmçinin “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1.7-ci bəndinə uyğun olaraq birbaşa müsahibə mərhələsinə buraxılan namizədlərə müsahibənin keçirildiyi yer və vaxt barədə azı 5 gün əvvəl məlumat veriləcək.

Müsahibə namizədin müvafiq vəzifələrə uyğunluğunu müəyyən etmək üçün Müsabiqə Komissiyasının ona suallar, tapşırıqlar verməsi və namizədin həmin sualları cavablandırması, tapşırıqları yerinə yetirməsi, habelə namizədin dinlənilməsi və Müsabiqə Komissiyasının üzvlərinin müşahidə aparması yolu ilə həyata keçirilir. Müsahibə proqramı əvvəlcədən elan edilmir.

Test imtahanında namizədlərə aşağıdakı məzmunda test tapşırıqları təqdim olunacaqdır:

Dövlət Vergi Xidmətinin hüquqşünaslıq ixtisası tələb olunan sahələri üçün*:

Azərbaycan Respublikasının Konstitusiyası;

Azərbaycan Respublikasının Konstitusiya Qanunları, Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəlləsi, İnzibati-Prosessual Məcəlləsi, Mülki Məcəlləsi, Mülki-Prosessual Məcəlləsi, Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu; 

Yeni tarix və dünyagörüşü;

Rəqəmsal məlumatların təhlili;

Verbal məlumatların təhlili; 

Abstrakt və məntiqi düşünmə.

*QEYD: Hüquqşünaslıq ixtisasına malik olan və Dövlət Vergi Xidmətinə hüquq sahəsi üzrə aparılan ümumi işə qəbulda iştirak etmək istəyən namizədlər sənəd qəbulu zamanı doldurulan elektron ərizə formasının “Əlavə qeydlər” hissəsində “Dövlət Vergi Xidmətinə hüquq sahəsi üzrə keçirilən işə qəbulla bağlı müsabiqədə iştirak etmək istəyirəm.” qeydini əlavə etməlidirlər.

Dövlət Vergi Xidmətinin digər ixtisas (iqtisadiyyat, maliyyə, idarəetmə və s. qeyri-hüquq ixtisasları) sahələri üçün:

Azərbaycan Respublikasının Konstitusiyası;

Yeni tarix və dünyagörüşü; 

Rəqəmsal məlumatların təhlili;

Verbal məlumatların təhlili;  

Abstrakt və məntiqi düşünmə. 

Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində istintaq, təhqiqat, əməliyyat-axtarış və hüquq sahələri üzrə vakant vəzifələrə işə qəbul olmaq istəyən və hüquqşünaslıq ixtisasına malik olan namizədlər üçün*:

Azərbaycan Respublikasının Konstitusiyası;

Azərbaycan Respublikasının Konstitusiya Qanunları, Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəlləsi;

Yeni tarix və dünyagörüşü;

Rəqəmsal məlumatların təhlili;

Verbal məlumatların təhlili;

Abstrakt və məntiqi düşünmə.

*QEYD: Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində istintaq, təhqiqat, əməliyyat-axtarış və hüquq sahələri üzrə vakant vəzifələrə işə qəbul olmaq istəyən və hüquqşünaslıq ixtisasına malik olan namizədlər sənəd qəbulu zamanı doldurulan elektron ərizə formasının “Əlavə qeydlər” hissəsində “Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə keçirilən işə qəbulla bağlı müsabiqədə iştirak etmək istəyirəm.” qeydini əlavə etməlidirlər.

Aşağıdakı hallarda vətəndaşlar dövlət vergi orqanlarında xidmətə qəbul oluna bilməzlər:

Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə; 

Məhkumluğu ödənilmədikdə və ya götürülmədikdə;

Çağırış yaşlı vətəndaşlar qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçmədikdə (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla).

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər