Sirac Piriyevin təqdimatında: Xüsusi notariusların vergi öhdəlikləri

Sirac Piriyevin təqdimatında: Xüsusi notariusların vergi öhdəlikləri

Mövzunu “vergiler.az”a hüquqşünas, Vəkillər Kollegiyasının üzvü Sirac Piriyev şərh edir.

“Notariat haqqında” Qanuna uyğun olaraq notariat hərəkətlərinin aparılması və bununla əlaqədar xidmətlərin göstərilməsi üçün xüsusi notariuslar Vergi Məcəlləsinin 33.1-ci maddəsinə əsaəsən, fəaliyyət göstərdikləri yer üzrə vergi orqanlarında uçota alınmalıdırlar.

Xüsusi notariuslar tərəfindən bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyektidir. Vergi Məcəlləsinin 99.3.10-cu maddəsinə görə, həmin haqlar qeyri-sahibkarlıq fəaliyyətindən gəlirdir və 10 faiz dərəcə ilə vergiyə cəlb olunur.

Misal 1: Tutaq ki, xüsusi notarius tərəfindən yanvar ayı ərzində göstərilən xidmətlərə görə 10.000 manat məbləğində haqq əldə edib. Həmin məbləğdən 1.000 manat (10.000 x 10% = 1000 manat) gəlir vergisi tutulur və Vergi Məcəlləsinin 151.1-ci maddəsinə uyğun olaraq növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilir.

Xüsusi notarius tərəfindən müvafiq gəlir vergisi bəyannaməsi isə rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.

Bundan başqa, xüsusi notariuslar vergi agenti kimi, öz işçiləri ilə bağlanmış əmək müqaviləsinə uyğun olaraq, gəlir vergisi və digər icbari ödənişləri, həmçinin Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinə əsasən, fiziki şəxslər tərəfindən torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilələri təsdiq edərkən ödəmə mənbəyində sadələşdirilmiş vergini tutmağa borcludurlar. Bu zaman bəzi istisna hallar da mövcuddur, aşağıdakı hallarda xüsusi notarius tərəfindən ödəmə mənbəyində vergi tutulmur:

- fiziki şəxs azı üç təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahəsini təqdim edirsə;

- əməliyyatın digər tərəfi fiziki şəxsin ailə üzvüdürsə;

- torpaqlar dövlət ehtiyacı üçün alınırsa;

- aktivlər ər-arvad və ya boşanma prosesində olan keçmiş ər-arvad arasında təqdim edilirsə;

- fiziki və hüquqi şəxslərin əmlakı ictimai və sosial məqsədlər üçün fondlara əvəzsiz qaydada verilirsə;

- bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilirsə.

Bir məqama diqqət yetirmək lazımdır ki, 01.01.2020-ci ilədək fiziki şəxslərlə yanaşı, hüquqi şəxslərin də belə daşınmaz əmlak üzrə müqavilələri notarius tərəfindən təsdiq olunarkən ödəmə mənbəyində vergiyə cəlb olunurdu. Göstərilən tatixdən etibarən bu qayda yalnız fiziki şəxslərə şamil olunur.

Xüsusi notariuslar tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin hesablanması qaydası isə Vergi Məcəlləsinin 220.8-ci və 220.8-1-ci maddələrinə əsasən təqdim edilən daşınmaz əmlakın sahəsi və təyinatı nəzərə alınmaqla zonalar əmsallarına uyğun olaraq müəyyən edilir.

Misal 2: Vətəndaş 2-ci zonada yerləşən 70m2 mənzilini satır. 2-ci zona üzrə əmsal 3,0, hər kvadratmetr üçün vergitutma obyekti isə 15 manatdır. Bu halda tutulan sadələşdirilmiş vergi məbləği 3.150 manat təşkil edir: 70 x 15 x 3= 3.150 manat.

Xüsusi notarius həmin vəsaiti hesablayaraq bir bank günü ərzində büdcəyə ödəməli və hesabat ayında sonrakı ayın 20-dək müvafiq bəyannaməni təqdim etməlidir.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 16.1.11-6.3-cü maddəsinə görə, notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsinə görə elektron qaimə-faktura tərtib edilmir.

Qeyd edək ki, Vergi Məcəlləsinin 164.1.6-cı maddəsinə görə, xüsusi notariusların aldığı haqlar (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə) və onların tutulması müqabilində göstərdiyi xidmətlər ƏDV-dən azaddır.

Satışda olan YENİ nəşrlərimiz:

0 Komment

    Şərh yazın