Vergi Məcəlləsinə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının istehsalını həyata keçirən hüquqi şəxslərin həmin fəaliyyətdən əldə etdikləri mənfəətin 50 faizi müvafiq siyahının təsdiq edildiyi ildən, başqa sözlə bu ildən etibarən 7 il müddətinə mənfəət vergisindən azad edilib.
1 yanvar 2023-cü ildən qüvvəyə minmiş bu yeniliyin əhəmiyyətini “vergiler.az”a iqtisadçı eksperti Radil Fətullayev şərh edir.
Hər bir ölkədə yürüdülən iqtisadi siyasətin ən mühüm istiqamətlərindən biri məhsul istehsal edən yerli hüquqi şəxslərə, müəssisələrə dəstək göstərməkdir. Bunun əsas məqsədi yerli şirkətlərin xarici şirkətlər qarşısında rəqabət qabiliyyətlərini qoruyub saxlamasına kömək etməkdir.
Adətən, milli istehsalı olan şirkətlər yeni fəaliyyətə başlayan zaman xarici şirkətlər ilə rəqabətə girməli olurlar. Əgər ölkə daxilində istehsalla məşğul olan yerli şirkətlərə dəstək göstərilməsə, onlar bazarda xarici şirkətlərə uduza bilərlər. Bunun qarşısını almaq üçün ölkəmizdə də vergi təşviqinin aparılması mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən biri məhz istehsalla məşğul olan yerli şirkətlərin mənfəət vergisidən azad edilməsidir. Məcəllənin 106.1.31-ci maddəsinə əsasən, qida məhsullarını istehsal edən yerli şirkətlər üçün müəyyən vergi təşviqi nəzərdə tutulub. Qeyd edək ki, bu dəyişiklik aqrar sahədə məhsul istehsal edən müəssisələrə də aiddir. Onlar idxalı əvəz edən məhsul istehsal edərlərsə, bu güzəştdən yararlana biləcəklər.
Onu da deyək ki, burada güzəşt təkcə mənfəət vergisindən azad olmaqla bitmir. Eyni zamanda idxalı əvəz edən məhsul istehsalı üçün istifadə olunan əmlaklar, onların dəyəri də, Vergi Məcəlləsinin 199.17-ci maddəsinə əsasən, əmlak vergisindən azad olunub. Bundan əlavə, həmin fəaliyyət üçün istifadə olunan torpaq sahəsi də Məcəllənin 207.10-cu maddəsi ilə torpaq vergisindən azad edilib. 2030-cu ilə qədər davam edəcək bu güzəştləri aqrar emal fəaliyyəti ilə məşğul olan müəssisələrə çox mühüm vergi təşviqi hesab etmək olar.
0 Komment
Şərh yazın