Mövzunu “vergiler.az” üçün iqtisadçı ekspert Emin Səttarov şərh edir. 
 

 

Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən, aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir:

- bu Məcəllənin XI fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər;

- vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər.

Məcəllənin tələbinə görə, ardıcıl 12 aylıq dövrün istənilən ayında dövriyyəsi 200.000 manatadək olan vergi ödəyiciləri 2% dərəcə ilə, dövriyyəsi 200.000 manatdan artıq olub yalnız ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər 8 % dərəcə ilə sadələşdirilmiş verginin ödəyicidir. Burada daha çox diqqət yetirilməli məqam ondan ibarətdir bəzi hallarda vergi ödəyiciləri bu hüququ itirirlər. Məsələn, fərz edək ki, ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin aylıq dövriyyəsi 200.000 manatı keçib. Həmin vergi ödəyicisi sadələşdirilmiş vergini 8% dərəcə ilə ödəməlidir. O, sonradan digər bir fəaliyyətlə məşğul olarsa, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirəcək.

Vergi Məcəlləsinin 221.7-ci maddəsində ikili fəaliyyət yalnız icarə fəaliyyəti olduğu halda fərqləndirilir. Yəni vergi ödəyicisi 8 % dərəcəsi ilə sadələşdirilmiş vergi ödəyicisi olduğu halda digər bir fəaliyyətlə, misal üçün, reklam fəaliyyəti ilə məşğul olarsa, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirir.

Bəs aylıq dövriyyəsi 200.000 manatdan çox olan sadələşdirilmiş vergi ödəyiciləri nə zaman ƏDV ödəyicisi ola bilər?

Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsasən, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu tətbiq edir.

Sadələşdirilmiş vergini 8% dərəcəsi ilə ödəyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi aprel ayının 20-nə kimi ƏDV ödəyicisi olmaqla bağlı ərizəsini vergi orqanına təqdim edə bilər. Bu zaman könüllü qaydada sadələşdirilmiş vergi mükəlləfiyyətindən çıxıb ƏDV ödəyicisi hüququ qazanır. Lakin təqvim ilin sonuna kimi həmin vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyici olaraq qalacaq.