“İqtisadiyyatın bərpası və sürətlənən artım fiskal gəlirlərə əhəmiyyətli təsir etsə də, vergi daxilolmalarında artımda, şübhəsiz, vergi qanunvericiliyindəki dəyişikliklər və təbii ki, vergi inzibatçılığı da müəyyən rol oynayıb”.
“vergiler.az” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2022-ci ildə ilk dəfə dövlət büdcəsinə 15,5 milyard manat həcmində vergi daxilolması təmin edilib ki, bu da proqnozlara nisbətdə 32,4 faiz, 2021-ci illə müqayisədə 82,2 faiz çoxdur. 2021-ci ilə nisbətdə 7 milyard manatdan çox vəsaitin artıq təmin edilməsi ölkəmizin maliyyə imkanlarının genişlənməsinə əhəmiyyətli həcmdə dəstək olub, büdcənin cari xərclərinin örtülməsində vergi və gömrük daxilolmalarının artan payı Dövlət Neft Fondundan büdcəyə transfertlərin azaldılmasına imkan verib.
O.Nəzərli qeyri-neft-qaz sektorundan daxilolmaların 2021-ci ilə nisbətən 1,8 milyard manat çox olmasını xüsusilə əhəmiyyətli hal kimi qeyd edib.
Vergi xidmətinin bu gün ölkənin büdcə gəlirlərinin formalaşması, iqtisadi inkişafın təmin edilməsi, sahibkarlığın dəstəklənməsi prosesində fəal iştirakçı olduğunu söyləyən Xidmət rəisi əlavə edib ki, ötən il dövlət büdcəsinə vergi daxilolmalarının təmin edilməsi, vergi ödəyicilərinə xidmətlər çeşidinin və biznesin fəaliyyətinə effektiv vergi nəzarətinin qurulmasında rəqəmsallaşmanın genişləndirilməsi vergi orqanlarının fəaliyyətinin başlıca prioritetlərini təşkil edib. İqtisadi artımın bərpasında vergi təşviq alətlərindən fəal istifadə edilib. Bütövlükdə, dünya enerji bazarlarındakı əlverişli qiymət konyukturu, eyni zamanda qeyri-neft sektorunda müşahidə olunan müsbət dinamika, biznesin fəaliyyətində şəffaflaşma prosesinin davam etməsi şəraitində Dövlət Vergi Xidmətinin üzərinə düşən fiskal öhdəliklərin icrası təmin edilib. 2022-ci ildə ümumilikdə Dövlət Vergi Xidmətinin üzərinə düşən fiskal yığımların həcmi 21 mlrd. 110,2 mln. manat təşkil edib ki, bu da ölkə üzrə bütün fiskal yığımların 78,9 faizini təşkil edir.
0 Komment
Şərh yazın