Mühasibatlıq və vergi sahəsində fəaliyyət göstərən həmkarlara dəstək məqsədilə yeni qurum yaradılır

Mühasibatlıq və vergi sahəsində fəaliyyət göstərən həmkarlara dəstək məqsədilə yeni qurum yaradılır

"Vergi Ekspertləri və Mühasiblər" İctimai Birliyi vergi və mühasibatlıq qanunvericiliyi sahəsində təkliflər hazırlayacaq
 
Hörmətli mühasiblər, maliyyəçilər, vergi mütəxəssisləri və uçot sahəsinin nümayəndələri!
Bugünkü dünyamızın iqtisadi reallığı yeni və fərqli biznes istiqamətlərinin indiyədək mövcud olmayan bir sürətlə artması, eləcə də ənənəvi fəaliyyət sahələrində idarəetməyə müasir tələblərin yönəlməsi ilə şərtlənir. Yaxın illərədək biz iqtisadi reallıq olaraq qloballaşmadan danışırdıqsa, bu gün virtual dünyanın iqtisadi gerçəkliyini, Dördüncü Sənaye İnqilabını, süni intellekti, “big data”nı müzakirə edirik. İldən-ilə inkişaf edən, regionun qalib dövləti Azərbaycanımızda dövlət səviyyəsində mütəmadi həyata keçirilən proqramlar, sahibkarlıq və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar, innovativ həllərə diqqətin yönəlməsi ölkəmizi dünya iqtisadiyyatının mühüm iştirakçılarından birinə çevirir.
Əziz həmkarlar, bütün sadalananlar uçot sahəsində də yeniliklərin sürətlənməsinə, yeni vergitutma mexanizmlərinin meydana çıxmasına, idarəetmə prosesinin maliyyə tərəfinin önəminin artmasına gətirib çıxarır. Nəticədə uçota məsul şəxslərin öz işlərində daha adekvat və çevik olmaları, gecikmə olmadan müasir tələblərə vaxtında və düzgün adaptasiya olmaları zərurətə çevrilir. Bu işdə bir-birimizin dəstəyinə və ümumi müzakirələrin, müxtəlif formatda görüşlərin keçirilməsinə mütləq ehtiyac yaranır. Məhz həmin ehtiyacdan irəli gələrək, maliyyəçi, mühasib və vergi mütəxəssislərini bir araya cəmləyən və müasir həllərə uyğun birliyin formalaşdırılmasının vaxtı gəlib çatmışdır.
Beləliklə, dəyərli həmkarlar, sizə böyük məmnuniyyət hissi ilə bildiririk ki, Azərbaycanda tam fərqli fəaliyyət üslubunda, vergi qanunvericiliyi sahəsində maarifləndirici xüsusiyyəti ilə seçilən, təkliflər irəli sürən, mühasibat uçotu sahəsində beynəlxalq standartların və yerli uçot qaydalarının real tətbiqinin qiymətləndirilməsinə dəstək verən, aktual mövzu yanaşmaları taktikası ilə əsl ustad masalarında müzakirələrin aparılmasını təmin edən, yüksək səviyyəli və faydalı seminarların, təlimlərin təşkilini həyata keçirən, bir sözlə uçot sahəsinin bütün nümayəndələrinin arzuladığı məkana çevriləcək "Vergi Ekspertləri və Mühasiblər" adlı biriliyinin yaradılması məqsədilə təşəbbüs qrupu (TQ) tərəfindən qərar qəbul edilmişdir.
Ümid edirik ki, SİZLƏRİN dəstəyi ilə yaxın zamanlarda TQ-nun fəaliyyəti daha da güclənəcək və dövlətimizin bu sahədə gördüyü işlərə yardımçı olacaqdır.
Dostlar, birlikdə dirilik var. Bu, sizin birliyiniz olacaq!
Hörmətlə,
"Vergi Ekspertləri və Mühasiblər" təşəbbüs qrupu üzvləri.
 
 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər