Fərdi sahibkarlar üçün sosial ayırmaların hesablanması necə dəyişdiriləcək? (MİSALLA İZAH)

Fərdi sahibkarlar üçün sosial ayırmaların hesablanması necə dəyişdiriləcək? (MİSALLA İZAH)

"Sosial sığorta haqqında" AR Qanununa 1 yanvar 2020-ci il tarixdən tətbiq edilən hansı yanaşmanın ləğvinə qərar verdilər?

Xəbər verdiyimiz kimi, koronavirus pandemiyasının mənfi təsirinə məruz qalmış sahələrdə çalışan bir sıra vergi ödəyiciləri vergi və sosial güzəştlər nəzərdə tutulub. "Sosial sığorta haqqında" AR Qanuna təklif edilən dəyişikliklərə əsasən, sosial sığorta yükünün azaldılması məqsədilə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı dərəcələrinin dəyişdirilməsi təklif edilib. Mks.az saytının ekspertləri təklif olunan dəyişikliyin misalla izahını təqdim edir:

Məcburi dövlət sosial sığorta haqqının 1 aprel 2020-ci il tarixdən 1 yanvar 2021-ci il tarixədək sahibkarlıq fəaliyyəti üzrə - minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 25 faizi, digər sahələrdə 15 faizi miqdarında olmaqla hesablanması və regionlar üzrə diferensial faiz əmsallarının tətbiq edilməsi.

Misal 1. Hal-hazırda digər sahələrdə (xidmət, istehsal və s.) fəaliyyət göstərən vergi ödəyiciləri aylıq olaraq minimum əmək haqqının 25 faizi yəni 62,50 (250 manat x 25 faiz) manat məbləğində məcburi dövlət sosial sığorta ayırmaları hesablayırlar. Dəyişiklikdən sonra vergi ödəyicisi artıq 62,50 yox 37,50 (250 manat (minimum əmək haqqı) x 15 faiz ödəyəcəklər.

Misal 2.  Bakı şəhərində ticarət fəaliyyəti ilə məşğul olan şəxslər hazırda 125 (250 manat (minimum əmək haqqı) x 50 faiz) manat sosial sığorta haqqı ödəyirlər. Dəyişiklikdən sonra onlar 62,5 (250 manat (minimum əmək haqqı) x 25 faiz) manat sosial sığorta ayırması həyata keçirəcək ki, bu da bütövlükdə 50 faiz azalma deməkdir.

Təəssüf ki, regionlar üzrə diferensial faiz əmsallarının tətbiq edilməsi ilə bağlı məlumatı əldə edə bilməmişik. Qeyd etmək istərdik ki, 1 yanvar 2020-ci il tarixinə kimi şəhər, qəsəbə və kəndlər üzrə əmsal tətbiq olunsa da, sonra hər hansı əsaslandırma olmadan hesablama ləğv edildi. Bu səbəbdən, kənd və Bakı şəhərində pərakəndə ticarətlə məşğul olan fərdi sahibkar eyni (?!) məbləğdə - 125 (250 manat (minimum əmək haqqı) x 50 faiz) manat sosial sığorta haqqı ödəməli oldular. 

Qeyd edək ki, təklif olunan dəyişikliklərdə qeyd edilir ki,  fərdi sahibkar üçün növbəti ildən məcburi dövlət sosial sığorta haqqını üzrə faiz dərəcələri əvvəklki səviyyədə qaytarılacaq. Belə ki,   Məcburi dövlət sosial sığorta haqqının 2021-ci il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında olmaqla hesablanması və regionlar üzrə diferensial faiz əmsallarının tətbiqi nəzərdə tutulur.  

Sevindirici haldır ki, regionlar üzrə diferensial faiz əmsallarının tətbiqi növbəti illərdə də tətbiq olunacaq.

0 Komment

    Şərh yazın

    Xəbərlər