mks.az saytından Vergilər Nazirinə sosial hesabatlarla bağlı RƏSMİ MÜRACİƏT

mks.az saytından Vergilər Nazirinə sosial hesabatlarla bağlı RƏSMİ MÜRACİƏT

Mks.az saytı vergi ödəyicilərinin sosial və işsilikdən sığorta ödənişləri ilə bağlı texniki problem nəticəsində yaranan borc bildirişləri və bank hesablarınıa sərəncamları ilə bağlı Vergilər Naziri, cənab Mikayıl Cabbarova rəsmi məktubla müraciət edib.

Həmin məktubun mətnini həmkarlarımızın diqqətinə çatdırırıq:

"www.mks.az saytı vergi, mühasibatlıq və insan resursları sahəsində çalışan həmkarlarımızın maarifləndirilməsi məqsədilə təsis olunmuşdur. Vergi qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası Vergi Məcəlləsində olunan son dəyişiklik və əlavələrin şərh edilməsi ilə bağlı saytımız və ekspertlərimiz tərəfindən maarifləndirmə tədbirləri mütəmadi davam etdirilir.

Cənab Nazir

Vergi və sosial qanunvericilikdə edilən dəyişikliklərin nəticəsi olaraq, vergi ödəyiciləri 2018-ci ilin 4-cü rübündən etibarən sosial hesabatları vergi orqanlarına təqdim edirlər. Vergi ödəyiciləri bu məqsədlə Vergilər Nazirliyinin hazırladığı yeni hesabat formasından istifadə edirlər. Vergi ödəyicilərinin saytımıza ünvanladıqları çoxsaylı müraciətləri nəzərə alaraq sosial hesabatların təqdim olunması və ödənişlərin şəxsi vərəqədə qeyd olunması ilə bağlı yaranan ciddi problemləri diqqətinizə çatdırmaq istəyirik.

Vergi ödəyiciləri 2018-ci ilin 4-cü rübü üzrə hesabatı təqdim etdiyi zaman, həmin rüb ərzində olan ödənişlər hesabatlara əlavə edildiyi üçün şəxsi vərəqəyə işlənir. Əgər vergi ödəyicisi 2018-ci ilin 4-cü rübü üzrə hesabladığı borcu 2019-cu ilin yanvar ayında ödəyibsə, artıq bu zaman vəziyyət mürəkkəbləşir. Cünki həmin ödənişi 2018-ci ilin 4-cü rübü üzrə hesabata əlavə etmək mümkün olmadığından, bu məbləğ şəxsi vərəqədə görünmür. Həmin məbləğ şəxsi vərəqəyə işlənilmədiyindən “Sosial üzrə bölüşdürülməmiş ödənişlər” hissəsinə qeyd edilir. Nəticədə proqram şəxsi vərəqədə yaranan borca görə faiz hesablamağa başlayır və borcun ödənilməsi barədə bildiriş göndərir.

Fikrimizi misalla izah edək: Fiziki şəxs sahibkarlıq fəaliyyətinə görə 2018-ci ilin 4-cü rübü üzrə hər ay 26 (130 manat x 20 faiz) manat məbləğində məcburi dövlət sosial sığorta ayırması etməlidir. Dekabr ayı üzrə ödənişi növbəti ayın 15-dək ödəməli olduğu üçün, 26 manatlıq ödənişi 13 yanvar 2019-cu il tarixdə həyata keçirib. Təbii ki, 2018-ci ilin 4-cü rübü üzrə hesabatların təqdim edilməsi zamanı 13 yanvar 2019-cu il tarixdə ödənilən 26 manatlıq ödənişi hesabata əlavə etmək mümkün olmayacaq. Həmin tarixdəki 26 manatlıq ödəniş şəxsi hesaba işlənilmədiyindən, vergi proqramı artıq vergi ödəyicisinin 26 manat borcunun olduğunu qəbul edərək ona borc bildirişi göndərir.

Cənab Nazir

Vergi ödəyicilərinə borc bildirişlərinin göndərilməsi və bank hesablarına sərəncamın qoyulması ilə bağlı problemin operativ həlli üçün müvafiq tapşırıqlar verməyinizi Sizdən xahiş edir və xahişimizə diqqətlə yanaşacağınıza əminliklə, öncədən təşəkkürümüzü bildiririk.

Azərbaycanda mütərəqqi vergi islahatlarının həyata keçirilməsi, yeni nəsil vergi müfəttişi və vergi ödəyicisi formalaşması yolundakı yorulmaz fəaliyyətinizdə Sizə uğurlar diləyir, əməkdaşlığımızın davamlı və səmərəli olmasını arzu edirik.

 Hörmətlə,

Anar Bayramov,

www.mks.az saytının təsisçisi"

 

 

1 Komment

  1. Rizvan 17 Mart 2019

    Peşəkər kadrları işdən cıxarıb,qeyri-peşəkarları,proseslərdən xəbəri olmayan şəxsləri, dostu,tanışı vəzifəyə təyin edəndə necə olmalıdır ki?

Şərh yazın

Xəbərlər