Vergi Məcəlləsində yeni termin: Məcburi nişanlama

Vergi Məcəlləsində yeni termin: Məcburi nişanlama

 

Vergi Məcəlləsində yeni bir anlayışa - məcburi nişanlama ilə bağlı 20-dən çox dəyişiklik edilib. Məcburi nişanlama malların uçotdan yayındırılmasının, saxta məhsulların bazara daxil olmasının qarşısının alınması məqsədilə onlara məcburi nişanlama kodunun və digər qoruyucu elementlərin vurulmasıdır.

 Vergi Məcəlləsinin 16.1.11-9-cu maddəsinə əsasən, məcburi nişanlama ilə nişanlanmalı olan malları məcburi nişanlama ilə nişanlanmaqla almaq, idxal etmək, satış məqsədilə saxlamaq və ya satmaq, habelə həmin malların dövriyyəsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydaya riayət etmək vergi üdəyicisinin vəzifəsidir.

124.0.2-2-ci maddədə qeyd edilir ki, vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi üdəyicisinin vəzifəsidir.

Maddə 50-2 məcburi nişanlama ilə nişanlanmalı olan mallar üzərində nəzarəti müəyyən edir.

50-2.3-cü maddənin tələblərinə əsasən, məcburi nişanlama ilə nişanlanmalı olan malları məcburi nişanlama ilə nişanlanmadan idxal etmək, saxlamaq (şəxsi məqsədlər üçün istisna olmaqla) və ya satmaq qadağandır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

İqtisadçı Qalib Bayramov bildirib ki, nişanlama sayəsində mal istehsalçıdan çıxıb tədarükçüyə, oradan isə pərakəndə ticarət nöqtəsinə təhvil verilənə və son istehlakçıya çatana qədər proses bütün ardıcıllığı ilə nəzarət altında olacaq. Hər bir mala bir dəfə istifadə olunan kod veriləcək, son istehlakçı məhsulu pərakəndə ticarət nöqtəsindən alanda, kassada məhsulun kodu skan olunan kimi həmin kod ləğv olunacaq və bir daha istifadə olunmayacaq.

Q.Bayramovun sözlərinə görə, məhsulun hərəkəti zamanı elektron-qaimə faktura onu müşayiət edəcək. Bununla da kağız əsaslı qaimə-fakturanın istifadəsinə son qoyulacaq: «Hazırda Vergi Məcəlləsində hər iki formalı qaimə-fakturadan istifadə nəzərdə tutulur. Fikir vermisinizsə, Məcəllədə «qaimə-faktura və ya elektron qaimə-faktura» yazılır. Yeni ildən yalnız elektron qaimə-faktura istifadə olunacaq. Elektron qaimə-fakturada malın kodu qeyd olunacaq.

Qeyd edim ki, alıcı (istehlakçı) öz smartfonuna xüsusi əlavə yükləməklə (IOS və Android bazasında) yerindəcə məhsulun üzərindəki kod vasitəsilə onun saxta və ya həqiqi olduğunu yoxlaya biləcək.

Ancaq bu sistemin tətbiqi böyük vəsait - texniki qurğu, proqram təminatı, monitorinq mexanizmi tələb edən iş olduğundan, çox güman ki, yenilik mərhələli şəkildə tətbiq olunacaq. Vergi Məcəlləsinə dəyişikliklərdə məcburi nişanlama tələb olunan malların siyahısının təsdiqi nəzərdə tutulur. Bu siyahının ilk mərhələdə çox geniş olacağını düşünmürəm. Öncə dərmanlar, sonra alkoqollu, daha sonra tütün məmulatlarının məcburi nişanlanmasını həyata keçirmək daha doğru olardı. Çünki hansı məhsul daha çox uçotdan yayındırılır və daha çox saxtalaşdırılırsa, üstəlik satış dövriyyəsi böyükdürsə, məcburi nişanlamaya o məhsuldan başlanılması daha məntiqlidir».

Ekspert sistemin pilot şəkildə sınaqdan keçirilməsini təklif edir və bildirir ki, sistemin normal fəaliyyəti üçün Gömrük Komitəsi və Vergilər Nazirliyi ilə yanaşı, sahibkarların da üzərinə böyük məsuliyyət düşür: «Sahibkarlar ən azından kodlarla işləmək sahəsində təcrübə toplamaqla, pərakəndə ticarət nöqtələri məlumatı onlayn rejimdə dərhal sistemə ötürə biləcək nəzarət-kassa aparatları (onların elektron uçotu aparılacaq) əldə etməlidirlər.

Dəyişikliklərdə məcburi nişanlamanın verilməsinə görə «Dövlət rüsumu haqqında» Qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulması haqda qeyd olunur. Ancaq yaxşı olardı ki, ilkin dövrdə kodlar pulsuz verilsin və bu prosesə qoşulma könüllü olsun.

Yeri gəlmişkən, dəyişikliklərə görə, kassa çeklərində çekin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə ötürülüb-ötürülməməsinə dair qeyd və malın sürətli məlumat kodunun (Quick Response Code) olması məcburi sayılacaq.

Vegi Məcəlləsinə dəyişikliklərdə məcburi nişanlama tələblərinin pozulması ilə bağlı böyük cərimələr də nəzərdə tutulub».

 

0 Komment

    Şərh yazın

    Xəbərlər