Dövlət Vergi Xidməti suala aydınlıq gətirir
Sual: Fərdi sahibkar olaraq vergi orqanına ərizə ilə müraciət edərək uçota alınmışam. Bank hesabı açmaq üçün nə etməliyəm?
Cavab: Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, vergi ödəyiciləri vergi uçotuna alındıqdan sonra hesab açmaq üçün bank hesablarını açmaq və aparmaq hüququ olan kredit təşkilatlarına və poçt rabitəsinin milli operatoruna (bundan sonra – bank əməliyyatları aparan şəxslərə) müraciət etdikdə bank əməliyyatları aparan şəxslər vergi ödəyicilərinə hesablar açır (qanunla hesabın açılmasından imtinaya əsas verən hallar nəzərə alınmaqla) və açılmış hesabların (qeyri-rezident üçün sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan açılmış hesablar istisna olmaqla) vergi orqanında qeydiyyata alınması üçün müvafiq məlumatı hesab açıldığı tarixdən 1 iş günü müddətində elektron qaydada vergi orqanına göndərir.
Lakin qeyd olunan dəyişikliklər 1 oktyabr 2023-cü il tarixdən qüvvəyə minəcək və həmin tarixədək vergi ödəyiciləri tərəfindən bank hesablarının açılması əvvəlki qaydada vergi orqanlarından şəhadətnamə-dublikat əldə edilməklə həyata keçirilir.
Qeyd olunanlara əsasən, 2023-cü il oktyabrın 1-dən vergi ödəyicisi bank hesabı açmaq üçün vergi orqanına ərizə təqdim etmir və birbaşa olaraq bank əməliyyatları aparan şəxslərə müraciət edir.
Əsas: Vergi Məcəlləsinin 35.1-ci maddəsi.
0 Komment
Şərh yazın