1 yanvar 2022-ci il tarixdən Vergi Məcəlləsinə yeni anlayış - nəzarət olunan xarici müəssisə ifadəsi daxil edilib. “vergiler.az” qanunvericilikdə bu istiqamətdə təkmilləşmələrlə bağlı iqtisadçı ekspert Anar Bayramovun şərhini təqdim edir.
Vergi Məcəlləsinin 14-2.1-ci maddəsində vergitutma məqsədləri üçün Azərbaycan Respublikasının rezidenti hesab olunmayan, güzəştli vergi tutulan ölkələrdə (ərazilərdə) qeydiyyatdan keçən müəssisənin mənfəətinin müəyyən edilməsi qaydası qeyd olunub. 1 yanvar 2023-cü il tarixdən isə Vergi Məcəlləsinin 14-2.1ci maddəsindəki “güzəstli vergi tutulan ölkələrdə (ərazilərdə) qeydiyyatdan keçən” sözləri çıxarılıb.
Yeni dəyişiklikdən göründüyü kimi, artıq Azərbaycan Respublikasının rezidenti hesab olunmayan müəssisələr nəzarət olunan xarici müəssisə hesab edilə bilər. Yəni həmin xarici müəssisənin güzəştli vergi tutulan ölkələrdə (ərazilərdə) qeydiyyatdan keçməsi mütləq tələb kimi nəzərə alınmayacaq.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi Kollegiyasının 19 aprel 2022-ci il tarixli, 8 saylı qərarı ilə “Nəzarət olunan xarici müəssisə haqqında arayısın rezident fiziki və hüquqi səxslər tərəfindən vergi orqanına təqdim edilmə forması və qaydası” təsdiq olunub.
Bəs nəzarət olunan müəssisənin mənfəətinin vergiyə cəlb olunmasında hansı dəyişiklik baş verib?
Vergi Məcələsinin 14-2.1-ci maddəsi ilə vergitutma məqsədləri üçün Azərbaycan Respublikasının rezidenti hesab olunmayan müəssisənin mənfəətinin hansı hallarda Azərbaycan Respublikasında vergiyə cəlb olunması halları müəyyən edilib. 1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, nəzərdə tutulan halların birində fərqli yanaşma tətbiq olunacaq. Vergi Məcəlləsinin 1 yanvar 2023-cü il tarixə qədər qüvvədə olan 14-2.1.2-ci maddəsinə əsasən, nəzarət olunan xarici müəssisənin mənfəətindən faktiki ödənilən vergi, bu Məcəlləyə uyğun olaraq həmin mənfəətdən ödənilməli mənfəət vergisindən 2 dəfə və ya daha çox aşağı olardısa, həmin müəssisənin mənfəəti Azərbaycan Respublikasında vergiyə cəlb olunurdu.
Misal: Nəzarət olunan xarici müəssisənin illik mənfəəti 4.000.000 manatdır, güzəştli ölkədə hesablanan mənfəət vergisi 200.000 manat təşkil edib. Qanunvericiliyə uyğun olaraq həmin gəlir üzrə ölkəmizdə mənfəət vergisi 800.000 manatdır. Göründüyü kimi, güzəştli ölkədəki mənfəət vergisi məbləği ölkəmizdə ödənilməli vergi məbləğinin 25 faizini, yəni 1/4-ni təşkil edib. Bu halda nəzarət olunan müəssisənin mənfəəti ölkəmizdə vergiyə cəlb oluna bilər.
Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 14-2.1.2-ci maddəsindəki “vergisindən 2 dəfə və ya daha çox asağı olarsa” sözləri “vergisinin 75 faizinə və ya daha aşağı hissəsinə bərabər olarsa” sözləri əlavə edilib. 1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsinin 14-2.1.2-ci maddəsinə əsasən, nəzarət olunan xarici müəssisənin mənfəətindən faktiki ödənilən vergi, bu Məcəlləyə uyğun olaraq həmin mənfəətdən ödənilməli vergisinin 75 faizinə və ya daha aşağı hissəsinə bərabər olarsa, nəzarət olunan müəssisənin mənfəəti ölkəmizdə vergiyə cəlb oluna bilər.
Nəzarət olunan müəssisə ilə bağlı bir mühum məqamı da qeyd edək ki, həm Vergi Məcəlləsinin 14-2.1.1-ci, həm də 14-2.1.2-ci maddələrə “və” sözü əlavə edildiyindən, vergitutma məqsədləri üçün Azərbaycan Respublikasının rezidenti hesab olunmayan müəssisənin mənfəəti Azərbaycan Respublikasında vergiyə cəlb olunması üçün hər üç maddə üzrə (14-2.1.1ci, 14-2.1.2-ci və 14-2.1.3-cü maddələri) halların olması mütləqdir. Həmçinin, Vergi Məcəlləsində edilmiş redaktə səciyyəli dəyişikliyə əsasən, İqtisadiyyat Nazirliyi Kollegiyasının 19 aprel 2022-ci il tarixli, 8 saylı qərarı ilə “Nəzarət olunan xarici müəssisə haqqında arayısın rezident fiziki və hüquqi səxslər tərəfindən vergi orqanına təqdim edilmə forması və qaydası”na istinad olunan 14-2.2-ci maddəyə düzəliş edilib. Vergi Məcəlləsinin 14-2.2-ci maddəsindəki “Nəzarət” sözü “Nəzarət olunan xarici müəssisənin mənfəətinin Azərbaycan Respublikasının rezidenti hesab edilən şəxsin vergi tutulan gəlirlərinə daxil edilməsi qaydası, habelə nəzarət” sözləri ilə əvəz edilib.
Mənbə: “Vergi qanunvericiliyi və şərhlər toplusu - 2023”
0 Komment
Şərh yazın