"Mühasibat uçotu" qanuna hansı dəyişikliklərin olacağı müəyyənləşdi

"Mühasibat uçotu" qanuna hansı dəyişikliklərin olacağı müəyyənləşdi

Aprelin 23-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.  İclasda iştirak edən maliyyə nazirinin müavini Emin Hüseynov “Mühasibat uçotu haqqında” qanuna edilən dəyişikliklərin mahiyyəti barədə danışdı. Bildirildi ki, ölkəyə xarici investisiya axınının artırılması, iqtisadiyyatın şaxələnməsi və sahibkarlığın inkişafı üçün əlverişli imkanların yaradılması beynəlxalq tələblərə uyğun mühasibat uçotunun aparılmasını və maliyyə hesabatlarının tərtib edilməsini aktuallaşdırıb.  Mühasibat uçotunun idarəetmədə mühüm amil olmasını nəzərə alaraq, mühasibat uçotunun daha yüksək səviyyədə aparılması, maliyyə, vergi və digər hesabatların tərtib edilməsinin təkmilləşdirilməsi, peşəkar mühasiblər təbəqəsinin yaradılması məqsədi ilə “Mühasibat uçotu haqqında” qanuna bir sıra dəyişikliklər təklif olunur.  Belə ki, qanuna Nazirlər Kabinetinin 5 iyun 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İri, orta və kiçik sahibkar meyarları”nın tələblərinin nəzərə alınması, mühasibat uçotu sahəsində fəaliyyət göstərən mütəxəssislərin fəaliyyətinin tənzimlənməsi məqsədi ilə bir sıra yeni anlayışlar əlavə olunub.    

Bildirildi ki, beynəlxalq standartlar əsasında hazırlanmış Milli Mühasibat Uçotu Standartlarında beynəlxalq standartlarla tənzimlənən bütün məsələlərin öz əksini tapması tələbini nəzərə alaraq, mövcud paralelliyin aradan qaldırılması üçün layihədə Milli Mühasibat Uçotu Standartları barədə müddəaların ləğv edilməsi nəzərdə tutulub. 
Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini özündə ehtiva edən müddəaların yeni redaksiyada verilməsi, maliyyə hesabatlarının tərtib edilməsi ilə əlaqədar beynəlxalq standartlara keçidin özündə əks etdirilməsi, habelə beynəlxalq standartlar üzrə ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul olunan və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının sadələşdirilmiş forması olan Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqi ilə bağlı müddəalar layihəyə daxil edilib. Bununla  ölkə ərazisində fəaliyyət göstərən mühasibat uçotu subyektləri tərəfindən beynəlxalq standartlara keçid təmin ediləcək. Sənəddə peşəkar mühasib sertifikatının verilməsi ilə bağlı məqamlar öz əksini tapıb.

 

Milli Məclisin
Mətbuat xidməti

0 Komment

    Şərh yazın

    Xəbərlər