Milli Məclis gənc ailələrə qayğı ilə bağlı qanunu müzakirəyə çıxaracaq
Milli Məclisin Sosial siyasət komitəsi 2013-cü ilin yaz sessiyasında "Gənc ailələrin sosial müdafiəsi" haqqında qanun layihəsini müzakirəyə çıxaracaq. Trend-in məlumatına görə, bu barədə Komitənin cümə axşamı keçirilən iclasında komitə sədrinin müavini Musa Quliyev bildirib.
Quliyev deyib ki, sənəddə gənclərin və gənc ailələrin mənzillə təminatı, onların sosial ipotekadan güzəştli və uzunmüddətli yararlanması, o cümlədən gənclərin işlə təminatı məsələsi öz əksini tapmalıdır.
"Məsələn, bəzi tələbələr təyinatla müxtəlif bölgələrə işləməyə gedirlər. Odur ki, həmin insanların orada mənzillə və ya ev tikdirmək üçün torpaq sahəsi ilə təmin olunması məsələsi çox vacibdir. Bu baxımdan hesab edirəm ki, hazırlayacağımız qanun layihəsində bu məsələ də öz əksini tapmalıdır", - millət vəkili qeyd edib.
Onun sözlərinə görə, belə bir qanunun qəbuluna ciddi ehtiyac duyulur və bu baxımdan, həmin qanun layihəsinin hazırlanması ilə bağlı müvafiq işçi qrupu yaradılmalıdır.
"Şəxsən mən özüm də həmin işçi qrupunun işində iştirak etməyə hazıram. Bu məsələ ilə bağlı müəyyən materiallar da toplamışıq. Həmin materiallardan istifadə edərək müvafiq qanun layihəsini tərtib edib parlamentin 2013-cü il yaz sessiyasına qədər hazırlamalıyıq", - Quliyev deyib.
0 Komment
Şərh yazın