Mərkəzi Bankdan uçot dərəcəsinin dəyişməsi ilə bağlı qərar verildi

Mərkəzi Bankdan uçot dərəcəsinin dəyişməsi ilə bağlı qərar verildi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə heyətinin növbəti iclası keçirilib.
Bankdan Trend-ə verilən məlumata görə, iclasda qeyd olunub ki, 2012-ci ildə ölkə iqtisadiyyatının və ixracın şaxələnməsi, iqtisadi rifahın yüksəlməsi və makroiqtisadi dayanıqlığın güclənməsi prosesi daha da sürətlənib. Qeyri-neft iqtisadiyyatı cari ilin on ayında 10,4% artaraq iqtisadi artımın başlıca amilinə çevrilib. İqtisadi artıma və məşğulluğa həm daxili, həm də xarici tələb müsbət təsir göstərib.

Cari ildə Mərkəzi Bank bəyan etdiyi pul siyasəti istiqamətlərinə uyğun olaraq, ölkədə qiymətlərin və maliyyə sabitliyinin qorunmasına yönəlmiş fəaliyyətini davam etdirib. Bu mandatın daha effektiv yerinə yetirilməsi üçün pul siyasəti və makroprudensial siyasət çərçivələri təkmilləşməkdə davam edib.
Manatın məzənnəsinin sabitliyi qorunub, pul kütləsi inflyasiya hədəfinə uyğun templə artıb. Ölkədə inflyasiya birrəqəmli səviyyədə qalıb, orta illik inflyasiya tempi (1,3%) tərəfdaş ölkələrdən əhəmiyyətli aşağı olub. Bu şəraitdə kreditlər üzrə orta faiz dərəcələrində azalma meyilləri müşahidə olunub.
İnflyasiyanın optimal səviyyədə olmasını nəzərə almaqla faiz dərəcələrinin daha da enməsinə şərait yaratmaq və bu yolla qeyri-neft sektorunda iqtisadi artımı dəstəkləmək üçün Mərkəzi Bankın İdarə heyəti 10 dekabr 2012-ci il tarixindən etibarən uçot dərəcəsinin 5,25%-dən 5%-ə endirilməsi barədə qərar qəbul edib.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər