Avtomobillərin texniki baxışı ilə bağlı gözlənilən qərar gəlir?
Millət vəkili Əli Hüseynlindən maraqlı açıqlamalar
Azərbaycan Parlamentinin deputatı hesab edir ki, ölkədə avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı yeniliklər tətbiq edilməlidir.
Avtomobillərin texniki baxışdan keçirilməsinə zərurət görməyən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, millət vəkili Əli Hüseynli Trend-ə bildirib ki, özəl müəssisələrə avtomobillərin texniki baxışdan keçirilməsi üçün lisenziyalar verilməlidir.
"Sovet dövründə özəl sektor inkişaf etmədiyi üçün avtomobillərin texniki baxışdan keçirilməsi dövlət nəzarətində idi. Sürücülər özləri avtomobilin texniki baxımdan saz vəziyyətdə olmasında maraqlıdır. Hesab edirəm ki, bu sahə dövlət nəzarətindən çıxarılmalıdır. Özəl müəssisələrə lisenziyalar verilməli və onların həyata keçirdiyi texniki baxışın nəticəsi rəsmən tanınmalıdır", - millət vəkili deyib.
Hüseynlinin fikrincə, müvafiq dövlət qurumu bu sahədə müəyyən səlahiyyətlərini saxlamaq, bu sahəyə nəzarəti həyata keçirmək istəyirsə, həm özəl şirkətlərə lisenziya verərkən bunu edir, həm də özəl müəssisələrin bu fəaliyyəti həyat keçirməsini yoxlamaq imkanı əldə edir.
Millət vəkili hesab edir ki, özəl müəssisələrin texniki baxış prosesini həyata keçirmək imkanı olduğu halda, dövlətin bu sahəyə əlavə vəsait xərcləməsinə ehtiyac yoxdur.
"Vətəndaşa seçim imkanı vermək lazımdır. Vətəndaş avtomobilini hansı müəssisədə texniki baxışdan keçirməsinə özü qərar verməlidir. Vətəndaş özəl müəssisənin xidmətindən istifadəyə üstünlük verərsə, onda dövlət orqanı işini daha keyfiyyətli qurmağa məcbur olacaq", - Hüseynli deyib.
Millət vəkili yeni istehsal olunan avtomobillər üçün texniki baxışdan keçirilmə tələbinin qoyulmasını lüzumsuz hesab edir.
Texniki baxışın ləğvi məsələsinin geniş ictimai müzakirəyə çıxarılmasını vacib sayan Hüseynlinin fikrincə, müzakirələrin yekununda bu məsələ ilə bağlı optimal qərar qəbul etmək mümkündür.
Onun sözlərinə görə, yaxın gələcəkdə texniki baxışın ləğvi ilə bağlı qanunvericiliyə hər hansı dəyişikliyin edilməsi məsələsi gündəmdə deyil.
0 Komment
Şərh yazın