Təhsil Nazirliyindən müəllimlərin işə qəbulu ilə bağlı yeniliklər xəbəri
Deyəsən, ötən imtahanlarda yaddan çıxan yoxlanılası məsələlər var imiş..
Təhsil Nazirliyi müəllimlərin işə qəbulu prosesində bir sıra yeniliklər etməyi nəzərdə tutub.
Bu barədə APA-ya açıqlamasında Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib. O bildirib ki, artıq gələcək illərdə müəllimlərin işə qəbulu zamanı onların pedaqoji bilikləri də yoxlanılacaq. F.Qədirovun sözlərinə görə, vakant yerlərə işə qəbul olmaq istəyən müəllimin ixtisas üzrə bacarıqları ilə yanaşı pedaqoji bacarıqları da olmalıdır: “Gələcəkdə vakant yerlərin sayı azaldıqca müəllimlərin pedaqoji bacarıqları, müəllimlik keyfiyyətləri, müasir yeniliklərə nə dərəcədə cavab vermələri kimi keyfiyyətləri daha dərindən araşdırıldıqdan sonra onlar işə qəbul olunacaqlar. Müəllim işləmək üçün yalnız ixtisasını gözəl bilmək, IKT biliklərinə yiyələnmək və məntiqi tapşırıqları yüksək səviyyədə yerinə yetirmək kifayət etmir. Müasir zamanda bütün bunlarla yanaşı müəllimin pedaqoji bacarıqları da olmalıdır ki, o zamanın tələblərinə tam olaraq cavab verə bilsin”.
F.Qədirov qeyd edib ki, müəllimlərin işə qəbulu imtahanlarının təşkilində də müəyyən dəyişikliklər ediləcək. Hələlik imtahanların keçirilməsi üçün imkanların məhdud olduğunu deyən şöbə müdirinin sözlərinə görə, imkan və şərait olsa, imtahanlar regionlarda da təşkil olunacaq: “Bu il imtahanların regionlarda keçirilməsi planlaşdırılsa da, texniki imkanlar buna imkan vermədi. İndiki mərhələdə imtahanların regionda təşkili işi bir az çətindir. Lakin, bir fənn üzrə imtahanı Lənkəran, Gəncə, Quba və Bakıda eyni gündə təşkil edə bilsək, bu çox yaxşı nəticələr verər. Belə olan halda müəllimləri çox operativ şəkildə yerləşdirmək olar”.
0 Komment
Şərh yazın