Vergi ödəyici səyyar vergi yoxlamasının tətbiq etdiyi sanksiyasını ləğv etdirdi
Ləğv olunan sanksiyanın məbləği: 20 min 375,8 manat
Vergi Apelyasiya Şurasının iclasında bir sıra vergi ödəyicilərinin təkrar şikayətlərinə baxılmış və müvafiq qərarlar qəbul edilmişdir.
9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan “Ekspres Trans” MMC-nin rəhbəri Qəribov Sarvan Qulu oğlu Apelyasiya Şurasına müraciət edərək səyyar vergi yoxlaması nəticəsində müəssisəyə tətbiq edilmiş 20 min 375,8 manat məbləğində maliyyə sanksiyasının ləğv olunmasını xahiş etmişdir. Təqdim edilmiş əlavə sənədlər və sübutlar hərtərəfli araşdırılaraq şikayətin təmin olunması barədə qərar çıxarılmışdır.
Bakı şəhəri Vergilər Departamentində qeydiyyatda olan fiziki şəxs Əliyeva Ella Nəriman qızının operativ vergi nəzarətinin nəticələri üzrə tətbiq edilmiş 2 min manat məbləğində maliyyə sanksiyasının və fiziki şəxs Osmanov Rauf Xəlil oğlunun yoxlama nəticəsində kameral qaydada hesablanmış 2 min 414,31 manat məbləğində vergi məbləğinin ləğv edilməsi barədəki şikayətləri də Apelyasiya Şurasının qərarı ilə təmin olunmuşdur.
3 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan fiziki şəxs Məmmədov Səməd Məmməd oğlunun ƏDV qeydiyyatının, habelə kameral qaydada hesablanmış vergi məbləğinin və faizlər üzrə borcun ləğv edilməsi barədəki təkrar şikayəti araşdırlarkən müəyyən edilmişdir ki, S.Məmmədov 25 iyul 2011-ci il tarixdə vergi uçotuna alınaraq, meyvə-tərəvəz məhsullarının topdansatışı və daşınması ilə məşğul olmuşdur. Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən vergi orqanına təqdim olunmuş məlumatlara əsasən vergi ödəyicisinin 2011-ci ilin sentyabr ayı ərzində 92 min 431 manat məbləğində ixrac üzrə vergi tutulan əməliyyatlar apardığı aşkarlanmışdır. Lakin araşdırma zamanı, vergi ödəyicisinin digər xarici ölkədəki partnyorları ilə bağlanmış “Gömrük daşıyıcısı xidməti göstərilməsi haqqında” 25 oktyabr 2011-ci il tarixli müqavilələrin qanunvericiliyin tələbinə zidd olduğu və onun bu əməliyyatları gömrük daşıyıcısı hüququ olmadan həyata keçirdiyi müəyyən edilmişdir.
Apelyasiya Şurasında baxılmış daha bir məsələ 3 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan fiziki şəxs Əliyev Rəşid Yadulla operativ vergi nəzarətinin nəticələri üzrə tətbiq edilmiş 800 manat məbləğində maliyyə sanksiyasının ləğv edilməsi barədə olmuşdur. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Xaçmaz rayonu, Çarxı kəndində yerləşən mağazada operativ vergi nəzarəti həyata keçirilərkən alınmış mala görə ödənilmiş 20 manat məbləğində vəsait nəzarət-kassa aparatına mədaxil olunmadığı üçün həmin məbləğ nəzarət-kassa aparatına bərpa edilmiş və vergi ödəyicisinə 800 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) Qaydaları”nın 40-cı bəndində kassa aparatında çekin vurulması və müştəriyə qaytarılan qalığı aydın ifadə edərək çek və mal ilə birgə ona təqdim olunması satıcı-kassirin vəzifəsinə, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən nağd pul hesablaşmalarının nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməsi isə vergi ödəyicisinin vəzifələrinə aid edildiyindən, habelə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisi tərəfindən il ərzində belə hallara ikinci dəfə yol verildikdə ona qarşı 800 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunduğu nəzərə alınaraq fiziki şəxs Əliyev Rəşid Yadulla oğlunun təkrar şikayəti təmin edilməmişdir.
0 Komment
Şərh yazın