Azərbaycanda qadınlar üçün sosial sığınacaqların yaradılması təklif olunur

Azərbaycanda qadınlar üçün sosial sığınacaqların yaradılması təklif olunur

Azərbaycanda qadınlar üçün sosial sığınacaqlar yaradılmalıdır. Bu barədə Trend-ə Milli Məclisin deputatı Sevinc Fətəliyeva bildirib.
Onun sözlərinə görə, ailədə zorakılıqla üzləşən qadınlar həmin sığınacaqlara müraciət edə bilərlər.

"Ailədə zorakılıqla üzləşən qadınlar hökmən psixoloji reabilitasiyadan keçməlidirlər. Həmin reabilitasiyanı başa vurduqdan sonra evə qayıda bilməyən qadınlar bir sıra hallarda hara gedəcəklərini bilmirlər. Onların bu problemi öz həllini tapmalıdır", - millət vəkili deyib.
O, vurğulayıb ki, bu sahədə problemlərin həlli üçün qadınların hüquqi maarifləndirilməsi istiqamətində də xeyli işlər aparılmalıdır.
Avropa Şurasının "Uşaqlara qarşı zorakılıq proqramı"nın Azərbaycan üzrə əlaqələndiricisi olan Fətəliyeva qeyd edib ki, bu sığınacaqlar həm qadınlar, həm uşaqlar üçün nəzərdə tutula bilər.
Onun sözlərinə görə, uşaqlara qarşı zorakılıqla mübarizə ilə bağlı növbəti il bir sıra tədbirlərin keçirilməsi, mətbu nəşrlərdə sosial çağırışların edilməsi, şəhərdə sosial reklamların quraşdırılması nəzərdə tutulub.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər