Büdcədə bələdiyyələrə 5,2 milyon manat, tədbirlərə 50 milyon manat ayrılır

Büdcədə bələdiyyələrə 5,2 milyon manat, tədbirlərə 50 milyon manat ayrılır

Mili Məclisdə “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirələri davam edir.

Lent.az-ın verdiyi məlumata görə, maliyyə naziri Samir Şərifov bildirib ki, Avropa dövlətlərinin bir çoxunun iqtisadi problemlərlə mübarizə apardığı bir dövrdə Azərbaycanın dövlət büdcəsinin gəlir və xərcləri artıb, İpoteka Fonduna 2012-ci illə müqayisədə 2013-cü ildə 2 dəfə çox vəsait ayrılıb.

Samir Şərifov qeyd edib ki, əsaslı xərclər 1,3 faiz artıb, cari xərclər 1,4 faiz azalıb. Gələn il büdcəsində sosial xərclər 7,1 faiz artıb. 2013-cü ilin dövlət büdcəsində məktəbəqədər təhsilin maliyyələşdirilməsi, ümumtəhsil məktəblərin tədris laboratoriyaları üçün avadanlıqların alınması da əksini tapıb. Xroniki böyrək çatışmazlığı ilə bağlı 25 milyon manat, irsi qan xəstəlikləri ilə bağlı büdcədə 21,2 milyon manat, xərçəng xəstəliyi ilə mübarizə üçün 25,1 milyon manat, şəkər xəstələri ilə bağlı 33,7 milyon manat ayrılıb.

Gələn ilin büdcəsində yolların tikintisi, əsaslı təmiri ilə bağlı 512 milyon manatın ayrılması nəzərdə tutulur. Beynəlxalq təşkilatlara üzvlüklə bağlı 113 milyon manat, səfirlərin maaşını artırmaq üçün 61 milyon manat ayrılacaq. Azərbaycanda beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsinə 50 milyon manat xərclənəcək. Bələdiyyələrə dövlət dəstəyi kimi dotasiya şəklində 5,2 milyon manat ayrılacaq. Xarici borclanma 62,5 faiz azaldılaraq 750 milyon manat təşkil edəcək.

Samir Şərifov icmal büdcənin gəlir və xərclərini də açıqlayıb. Gələn il icmal büdcənin gəlirləri 20 milyard 723 milyon manat, xərcləri 24 milyard 460 milyon manat olacaq.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər