Müəllimlərin əmək haqqısının hesablanmasın CİDDİ dəyişiklik
Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev Trend-ə bildirib ki, Nazirlər Kabinetinin "Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin yeni vəzifə maaşlarının və vəzifə maaşlarına əlavələrin təsdiq edilməsi haqqında" qərarının ləğvindən sonra dövlət ali təhsil müəssisələrində çalışan işçilərinin əməkhaqqı məbləğlərinin müəyyənləşdirilməsi səlahiyyəti ali məktəblərin Elmi şuralarının ixtiyarına verilib.
Əliyevin sözlərinə görə, hər bir ali məktəb işçisi ilə fərdi şəkildə müqavilə bağlanacaq və yeni əməkhaqqı məbləğləri müəyyənləşəcək. Müəllimlər üçün əməkhaqlarını müəyyənləşdirərkən hansı kriteriyaların əsas götürüləcəyini də ali məktəblər özləri müəyyən edəcəklər.
Nazirlik rəsmisinin sözlərinə görə, əvvəlki sənədlərdə müəllimlər üçün əməkhaqqının minimum və maksimum məbləğləri müəyyən edilsə də, hazırda bu yoxdur.
Əliyev bu yeniliyin tətbiqinin ali məktəblərdə işçilərin ixtisarına səbəb ola biləcəyini də söyləyib.
"Bu yenilik həm də ona imkan verəcək ki, ali məktəb rəhbəri bir kafedrada 10 işçinin əvəzinə 8 işçi saxlasın. Həmçinin, ali məktəb, onun Elmi Şurası tərəfindən əməkhaqqı məsələləri tənzimlənəcək", - Əliyev deyib.
Onun sözlərinə görə, ölkə başçısının sərəncamı ilə artıq bir neçə ildir ki, ali təhsil sistemində yeni maliyyələşdirmə mexanizmi tətbiq edilir və buna uyğun da islahatlar aparılır.
Əliyev deyib ki, ali məktəblər yeni maliyyələşdirmə mexanizminə keçiblər və dövlət sifarişi ilə kadr hazırlığının həyata keçirilməsində iştirak edirlər. Ali məktəblər gəlirlərinin bir qismini bu sahədən, bir qismini də ödənişli əsaslarla kadr hazırlığından əldə edir və öz büdcələrini formalaşdırırlar. Məktəblər də həmin formalaşdırdıqları büdcələrinə uyğun olaraq, işçiləri üçün əməkhaqqı məbləğlərini müəyyənləşdirəcəklər. Bütün bunlar isə ali təhsilin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq.
0 Komment
Şərh yazın