Milli Məclisdən "Avtoş"lar üçün bəd xəbər
Azərbaycanda avtoxuliqanların 6 aydan 1 ilədək müddətə azadlıqdan məhrum edilməsi ilə bağlı qanun layihəsi hazırlanıb.
Bu barədə Trend-ə məlumat verən millət vəkili Çingiz Qənizadə bildirib ki, qanun layihəsi ilin sonunadək parlamentdə müzakirəyə çıxarılacaq.
Onun sözlərinə görə, inzibati xəta hesab olunan avtoxuliqanlığa görə 10 sutkalıq inzibati həbs cəzası müəyyən olunsa da, bu, effektli nəticə vermir.
"Avtoxuliqanlıq cinayət məsuliyyəti yaradan haldır. Bu əməl xuliqanlıq, ictimai qaydanın kobud pozulması və ictimaiyyətə açıqcasına hörmətsizlikdir. Ona görə də bu əməli törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidirlər", - millət vəkili deyib.
Qənizadə hesab edir ki, avtoxuliqanlar ən azı 6 aydan 1 ilədək müddətə azadlıqdan məhrum edilməlidirlər.
"Onlar piyadaların, digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarını təhlükə altında qoyurlar", - o deyib.
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev avtoxuliqanlığa görə cinayət məsuliyyətinin müəyyən edilməsinin tərəfdarıdır.
Əliyev Trend-ə bildirib ki, bu əmələ görə, cinayət məsuliyyəti müəyyən edilərsə, avtoxuliqanlıq hallarının qarşısının alınmasına kömək edər.
İdarə sözçüsü deyib ki, il ərzində orta hesabla 500-600 avtoxuliqan müəyyən edilir və inzibati məsuliyyətə cəlb olunur. Onun sözlərinə görə, inzibati məsuliyyət avtoxuliqanlarla mübarizədə effektli nəticə vermir.
Xatırladaq ki, hazırda qüvvədə olan qanunvericiliyə görə, avtoxuliqanlıq inzibati xəta hesab olunur və bu xətaya görə, avtoxuliqanlıq edən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla, 400 manatdan 600 manatadək miqdarda cərimə edilir. Yaxud nəqliyyat vasitələrini idarəetmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla, həmin şəxsə on günədək inzibati həbs tətbiq olunur.
0 Komment
Şərh yazın