Azərbaycan gələn il güzəştli ipoteka kreditləşməsini 2 dəfə artıracaq
Gələn il Azərbaycanda sosial ipotekanın tətbiqinin genişləndirilməsi üçün dövlət büdcəsindən İpoteka Fonduna 40 mln. manat ayrılması nəzərdə tutulur ki, bu da 2012-ci ilin göstəricisindən 2 dəfə çoxdur.
«APA-ECONOMICS»in məlumatına görə, bu barədə 2013-cü ilin dövlət büdcəsinin ilkin layihəsində göstərilir.
Ümumiyyətlə, fəaliyyətə başladığı dövrdən dövlət büdcəsindən və digər mənbələrdən ayrılan və daxil olan vəsaitlər də nəzərə alınmaqla İpoteka Fondunda 136 mln. manat həcmində vəsait ehtiyatı yaranacaq.
Qeyd edək ki, Azərbaycan İpoteka Fondunun xətti ilə cari ilin yanvar-sentyabr aylarında verilən ipoteka kreditlərinin məbləği 45,58 mln. manata çatıb, bu isə ötən ilin eyni dövrünə nisbətən 33,8% azdır. Ümumilikdə, ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək AİF-in xətti ilə verilən ipoteka kreditlərinin həcmi 391,12 mln. manata çatıb. Nəticədə, 2012-ci il oktyabrın 1-nə Azərbaycanda adambaşına düşən ipoteka kreditinin həcmi 42,1 manat təşkil edib. Bu ilin ilk 9 ayında 69,5 mln. manatlıq kreditlər yenidən maliyyələşdirilib. İndiyədək verilən ipoteka kreditlərinin 321,72 mln. manatı və ya 82,26%-i təkrar maliyyələşdirilib.
0 Komment
Şərh yazın