Azərbaycanda pensiya ödənişləri 21% artıb
İlkin məlumatlara əsasən, 2012-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 1 833,9 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 20,3% çoxdur. Fondun ictimaiyyətlə əlaqələr sektorundan «APA-ECONOMICS»ə verilən məlumata görə, hesabat dövründə icbari dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 15,2% artaraq 1 000,4 mln. manat təşkil edib.
İcbari dövlət sosial sığorta haqları üzrə daxilolmaların 61,2%-i və ya 612,5 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilin 9 ayının göstəricisinə nisbətən 18,7% artıb, proqnoz isə 109,9% səviyyəsində icra olunub.
Ümumilikdə, DSMF üzrə icbari dövlət sosial sığorta haqlarının daxil olması proqnozu 0,4% artıq icra olunub.
Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib ki, nəticədə, əvvəlki ilin 9 ayının göstəricisi ilə müqayisədə fiziki şəxslər üzrə daxilolmalar 16,1%, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 31,4% artıb.
Bu ilin yanvar-sentyabr aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 388 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 10% artıb.
Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 5,2 mln. manat təşkil edib.
Bu ilin yanvar-sentyabr aylarında DSMF-nin xərcləri 1 809,6 mln. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1 774,5 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,3% çoxdur. Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə nisbətən 20,7% artaraq 1 732,9 mln. manat təşkil edib.
Azərbaycan prezidentinin müvafiq sərəncamına əsasən, 2012-ci il yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 7,9%-lik artım tətbiq olunub.
İlkin məlumatlara görə, 2012-ci ilin oktyabrın 1-nə əmək pensiyalarının orta aylıq məbləği 151,3 manat olub, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 167,7 manat təşkil edib.
Bu ilin yanvar-sentyabr aylarında əhaliyə məcburi dövlət sosial sığortası hesabına 41,6 mln. manat məbləğində müavinət ödənilib. Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri 35,1 mln. manat təşkil edib.
0 Komment
Şərh yazın