Bakıda “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” layihəsinin təqdimat mərasimi keçirilib
APA-nın məlumatına görə, gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirin keçirilməsində məqsədin gənclərin adıçəkilən istiqamətdə iştirak imkanlarının müzakirəsi və mövcud vəziyyəti öyrənmək olub.
Layihənin rəhbəri Kəmalə Musayeva layihə haqda ətraflı məlumat verərək deyib ki, proqramın icrasında “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının irəli sürdüyü prioritetlər dəstəklənəcək, gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması məqsədinə xidmət edəcək.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçura bildirib ki, təmsil etdiyi qurum gənclərin inkişafına dəstək verən layihələrə üstünlük verməklə yanaşı, BMT-də bu istiqamətdə xüsusi qurumun yaradılmasını da nəzərdə tutub: “BMT-də gənclər üzrə xüsusi məsləhətçi, yaxud daimi şuranın yaradılması məsələsinə dair müzakirələr aparılır. BMT gənclərin dövlət qulluğunda işləmələri üçün lazım olan dəstəyi verməyə də hazırdır”.
Tədbirdə həmçinin Milli Məclisin deputatları Ceyhun Osmanlı, Fuad Muradov, BMT-nin İnkişaf Proqramının layihə rəhbəri Məzahir Əfəndiyev və gənclər təşkilatlarının nümayəndələri çıxış ediblər.
0 Komment
Şərh yazın