Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi işi haqqında geniş məlumat
"Vətəndaş-dövlət qulluqçusu arasında heç bir ödəniş həyata keçirilməyəcək və bütün ödənişlər mərkəzlərdə elektron formada aparılacaq"
Azərbaycanın 9 dövlət orqanı öz xidmətlərini Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mərkəzlərində həyata keçirəcək. Trend-in məlumatına görə, bunu çərşənbə günü Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Açıq Hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planlarının ictimai müzakirəsi zamanı bildirib.
Kərimov deyib ki, "ASAN-Xidmət" mərkəzlərinin məqsədi dövlət orqanlarının hər şəhərin müxtəlif hissələrində yerləşmiş mərkəzlərinin yaradılması və vətəndaşların müraciətlərinin dövlət orqanlarına operativ çatdırılmasıdır.
Onun sözlərinə görə, mərkəzlərin əsas mahiyyəti vətəndaşlara yeni nəsil xidmətlərin göstərilməsidir və onların fəaliyyətində əsas kriteriya vətəndaş məmnunluğu olacaq. O qeyd edib ki, mərkəzlərin fəaliyyətinin şəffaflığının qorunması əsas şərtlərdən biri olacaq.
Vətəndaş artıq bir-birindən kilometrlərlə aralı olan dövlət orqanlarına bir bina içərisində baş vura biləcək.
"Vətəndaşlar Mərkəzdə olan informasiya köşkünə yaxınlaşacaq və oradan istənilən dövlət orqanına müraciət etmə, növbəyə yazılma həyata keçiriləcək", - Kərimov əlavə edib.
Mərkəzlər 9 dövlət orqanının 23 xidmətini vətəndaşlara təqdim edəcək.
Kərimov bildirib ki, vətəndaş-dövlət qulluqçusu arasında heç bir ödəniş həyata keçirilməyəcək və bütün ödənişlər mərkəzlərdə elektron formada aparılacaq.
"Mərkəzlər həftənin bütün günləri (istirahət günləri də daxil olmaqla) fasiləsiz fəaliyyət göstərəcək. Bəzi vətəndaşlar var ki, dövlət orqanı ilə bağlı öz işini fəaliyyət göstərdiyi daimi iş yerində nahar fasiləsi zamanı etmək istəyir və bu səbəbdən onların işini asanlaşdırmaq üçün mərkəzlər fasiləsiz xidmət göstəriləcək", - o deyib.
Kərimov qeyd edib ki, gələcəkdə öz evlərini tərk edə bilməyən vətəndaşlar üçün də səyyar xidmətlərin göstərilməsi nəzərdə tutulub.
Tədbir zamanı QHT nümayəndələrinin suallarını cavablandıran Kərimov bildirib ki, "ASAN xidmət" mərkəzlərində dövlət orqanları tərəfindən aşağıdakı xidmətlər həyata keçiriləcək: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, doğumun qeydə alınması, ölümün qeydə alınması, nikahın qeydə alınması, nikahın pozulmasının qeydə alınması, övladlığa götürmənin qeydə alınması, atalığın müəyyən edilməsinin qeydə alınması, adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin (təkrar şəhadətnamələrin) verilməsi, notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə arayışların verilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı, hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi, gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə, habelə daimi yaşamaq üçün immiqrant statusunun əldə edilməsi ilə bağlı sənədlərin verilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin həyata keçirilməsi.
0 Komment
Şərh yazın