Yol patrul xidməti ilə bağlı yenilik

Yol patrul xidməti ilə bağlı yenilik

Onun kamerasi var.....

Azərbaycanda yol patrul xidməti avtomobillərində videokameralar quraşdırılıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, "Yol-Patrul Xidməti haqqında Təlimat"ın göstərişinə uyğun olaraq, respublikadakı əksər patrul xidməti avtomobillərində video və audioyazılar aparılması üçün avadanlıqlar quraşdırılıb. Yerdə qalan az qisim yol-patrul avtomobillərində də bu vasitələrin quraşdırılması prosesi aparılır.

Şöbə rəisi bildirib ki, patrul avtomobilindəki kamera xidmətə çıxdığı vaxtdan daim işlək vəziyyətdə olur.

"Sürücü ilə ünsiyyətdə də audio və videoyazı aparılır, bütün danışıqlar qeydə alınır", - Əliyev bildirib.

İdarə rəsmisi sürücülərdən xahis edir ki, münaqişə yaratmasınlar, yol polisinin fəaliyyəti ilə bağlı yalan, böhtan xarakterli məlumatlar verməsinlər.

"Artıq elə faktlar var ki, sürücünün yol verdiyi qayda pozuntusu da, yol polisi əməkdaşının sürücü ilə normal danışığı da video və audioyazılarda qeydə alınıb. Amma vətəndaş müraciət edir ki, yol polisi əməkdaşı onunla kobud rəftar edib. Həmin görüntülərdən aydın olur ki, vətəndaş böhtan xarakterli müraciətlər edib. Bu da məsuliyyətdən yayınmaq üçün atılan bir addımdır", - şöbə rəisi deyib.

Onun sözlərinə görə, baş vermiş mübahisələr araşdırılarkən, mübahisəyə baxan orqanın müraciəti ilə video və audioyazılar həmin orqana təqdim olunur.

Qeydə alınan görüntülər və yazıların yol polisinin maraqları baxımından silinməsi məsələsinə aydınlıq gətirən Əliyev bildirib ki, yol polisi əməkdaşı istəsə də, həmin görüntüləri və yazıları poza bilməz.

"Buna nəzarət var. Yol patrul xidməti avtomobilindəki radio rabitə sistemi işə düşəndən sönənədək (bu sistem xidmət müddətində açıq olmalıdır) video-kamera və audio cihaz daim işlək vəziyyətdədir. Qeydə alınan görüntülər müəyyən müddət saxlanılır. İnspektor-sürücü arasındakı münasibəti araşdıran orqanın müraciəti ilə videogörüntülər və audioyazı həmin orqana təqdim olunur", - şöbə rəisi deyib.

Əliyev yol patrul xidməti avtomobillərində həmin vasitələrin quraşdırılmasından sonra sürücülər tərəfindən yol polisi əməkdaşları ilə onlar arasında olan danışıqların video və audioçəkilişinin aparılmasına ehtiyac olmadığını bildirib.

"Sürücülər tərəfindən aparılan bu yazıların sübut kimi qəbul edilib-edilməməsi məhkəmədən asılıdır", - o deyib.

Qeyd edək ki, "Yol-Patrul Xidməti haqqında Təlimat"da qeyd olunur ki, patrul avtomobili radio-cihaz vasitəsi, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı, kompüter, videokamera, dərman qutusu, 2 ədəd yol nişanı, fənər, yanğın söndürən vasitə, hadisə yerini bildirən işıq əks etdirən lent və digər texniki vasitələrlə təchiz olunmalıdır.

Təlimata uyğun olaraq patrul avtomobilində xidmət aparan YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi saxlanılarkən patrul avtomobilində quraşdırılmış videokamera daim işlək
vəziyyətdə olmalı, məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər