Milli Məclisdən icbari tibbi sığorta ilə bağlı ciddi addım
Azərbaycan Milli Məclisi "İcbari tibbi sığorta haqqında" qanunun icra olunması üçün Baş nazirə müraciət edəcək. Trend-in məlumatına görə, bunu cümə günü Milli Məclisin Sosial siyasət komitəsinin iclasında komitə sədri Hadı Rəcəbli bildirib.
Onun sözlərinə görə, qanunun icra olunması üçün Nazirlər Kabineti və Səhiyyə Nazirliyi müvafiq işlər görməlidir.
Millət vəkili Məlahət İbrahimqızı iclasda bildirib ki, "İcbari tibbi sığorta haqqında" qanunun həyata keçirilməsi ilə bağlı xüsusi agentlik yaradılmalı və həmin təşkilata dövlət vəsaiti ayrılmalıdır.
"Milli Məclisin payız sessiyasında bu istiqamətdə ciddi fəaliyyət göstərməli və qanunun icrasına nail olmalıyıq", - o deyib.
Deputat Əhliman Əmiraslanov isə bildirib ki, bu qanunun icrasını mümkün edən model seçilməlidir.
Sosial siyasət komitəsinin iclasında Milli Məclisin payız sessiyasının gündəliyinə iki qanun layihəsi, həmçinin 3 qanun layihəsinə əlavələr və dəyişikliklər edilməsi təklif edilib. Qanun layihələri reproduktiv sağlamlıq və sosial sifariş haqqındadır. Ailə Məcəlləsinə, "Sağlımlığın qorunması haqqında" və "Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum edilmiş uşaqların hüquqların müdafiəsi haqqında" qanunlara dəyişikliklər nəzərdə tutulur.
0 Komment
Şərh yazın