TQDK Misir Mərdanovun iradlarına cavab verdi
“Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarının orta ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarına və dərs vəsaitlərinə uyğundur. TQDK həmin sualların məzmunu ilə bağlı bütün növ elmi müzakirələrə həmişə açıq olub və bu gün də açıqdır”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Misir Mərdanovun keçid ballarının 150-yə endirilməsi barədə fikirlərinə münasibət bildirərkən deyib. O qeyd edib ki, Komissiyanın nəzdində fəaliyyət göstərən fənn seminarlarında qəbul proqramlarının müzakirəsinə orta, ali və orta ixtisas təhsil müəssisələrinin nümayəndələri, müstəqil ekspertlər sərbəst şəkildə iştirak edə bilirlər:
“Komissiya hər il yanvar ayında abituriyent jurnalının müvafiq sayında imtahanda istifadə olunacaq test tapşırıqlarının nümunələrini-model testləri təqdim edir. Həmin vaxt bu testlərlə bağlı hər hansı fikir eşitmirik. Təəssüf ki, qəbul imtahanlarında sonra abituriyentlərin nəticələri qənaətbəxş olmadıqda imtahanda istifadə olunmuş test tapşırıqlarının “çətinliyi” yada düşür”.
TQDK təmsilçisi vurğulayıb ki, qəbul imtahanlarında istifadə olunan test tapşırıqları bütün beynəlxalq qiymətləndirmə standartlarına tam uyğundur və qarşıya qoylan məqsədə-düzgün seçim aparmaq üçün uyğundur: “Azərbaycanda qəbul imtahanlarında istifadə olunan test tapşırıqları ilə bağlı beynəlxalq qiymətləndirmə qurumları və ekspertlər daim yüksək fikir bildiriblər, 2011-ci ildə elə Təhsil Nazirinin dəvəti ilə Dünya Bankı Ali Təhsil İslahatları Layihəsi çərçivəsində apardığı tədqiqatlar arasında qəbul imtahanlarında istifadə olunan test tapşırıqları da var idi. Həmin tədqiqatın yekunu olaraq hazırlanmış hesabatda imtahan suallarının müsabiqə aprılması üçün tam qənaətbəxş olduğu, bu sahədə qəbul olunmuş beynəlxalq standartalara tam cavab verdiyi birmənalı şəkildə vurğulanıb”.
0 Komment
Şərh yazın