Prezident Vergi Məcəlləsinə dəyişikliyi təsdiq etdi
Vergi orqanlarının hüquqları artırılmaqla yanaşı operativ vergi nəzarətinin sahəsi genişləndirilib
Prezidentin 04 sentyabr 2012-ci il sərəncamı ilə Vergi Məcəlləsinə edilən dəyişikliklər təsdiq olunub. Dəyişikliklər nəticəsində vergi orqanlarının hüquqları artırılmaqla yanaşı operativ vergi nəzarətinin sahəsi genişləndirilib. Belə ki, Məcəlləsinin 23-cü maddəsinə edilən dəyişikliyə əsasən, artıq dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materialların markalanmadan satışının həyata keçirilməsi aşkar edildikdə, həmin malları siyahıya almaq və vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoymaq vergi orqanınn hüququna aid edilib.
“Operativ Vergi Nəzarəti” adlı 50-ci maddəyə edilən dəyişikliyə əsasən, artıq dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi üçün vergi orqanları operativ vergi nəzarəti həyata keçirəcəklər.
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
07 sentyabr 2012, 16:35
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12, I kitab, maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; Azərbaycan Respublikasının 2012-ci il 1 may tarixli 351-IVQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 23.1.13-cü maddədə “malların” sözündən sonra “, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materialların” sözləri əlavə edilsin.
2. 50.1.2-ci maddədə “malların markalanmadan və ya saxta aksiz” sözləri “malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun 2012-ci il.
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 414-IVQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 414-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 sentyabr 2012-ci il.
0 Komment
Şərh yazın