Azərbaycanda pullu təhsil alanlar üçün yenilik gözlənilir
Azərbaycan Milli Məclisində "Təhsil krediti haqqında" qanunun qəbulunun tezləşdirilməsi təklif olunur.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, professor Musa Qasımlı Trend-ə bildirib ki, "Təhsil krediti haqqında" qanunun qəbulu ödənişli təhsil alanların stimullaşdırılmasına şərait yaradacaq.
"Bu qanunun tətbiqi ödənişli təhsil alan tələbənin olduğu ailələri müəyyən maliyyə yükündən azad edəcək", - Qasımlı deyib.
Onun sözlərinə görə, qeyd olunan qanunun qəbulu təhsil almaq üçün xarici ölkələrə üz tutanların da sayının azalmasına səbəb olacaq. "Hazırda Azərbaycanda bəzi ixtisaslar üzrə təhsil haqqı çox yüksəkdir. Eyni zamanda, ali təhsil müəssisələrimizin xarici universitetlərlə rəqabət aparması üçün yataqxana, kampusları mövcud olmalıdır", - o deyib.
Təhsilin keyfiyyətinin yüksəlməsi məsələsinə münasibət bildirəm Qasımlı bu sahədə təhsil işçilərinin üzərinə böyük iş düşdüyünü qeyd edib.
"Son illər Azərbaycanda təhsil infrastrukturunun yaxşılaşdırılması ilə bağlı dövlət tərəfindən xeyli sayda işlər görülüb. Lakin təhsilin keyfiyyətinin yüksəldilməsi birbaşa təhsil işçilərinin öhdəsinə düşür", - millət vəkili deyib.
Xatırladaq ki, "Təhsil krediti haqqında" qanun layihəsi artıq Milli Məclisdə komitə səviyyəsində ötən il müzakirə olunub.
0 Komment
Şərh yazın