Əmanətlərin qaytarılması ilə bağlı yeni statistik açıqlama
Keçmiş SSRİ Əmanət Bankında pulları batan şəxslərə birdəfəlik ödəmələrin verilməsi davam etdirilir. Avqustun 23-nə qədər 471 min 141 əmanətçiyə 227 milyon 941 min 131 manat vəsait ödənib. Maliyyə Nazirliyinin mətbuat katibi Mayis Piriyev “Media forum”a açıqlamasında belə deyib.
Nazirlik sözçüsü deyib ki, xüsusi komissiyaya itmiş və yararsız vəziyyətə düşmüş əmanət kitabçaları ilə bağlı 4 118 müraciət daxil olub. 3 912 müraciət barəsində müsbət, digərləri barəsində isə əlavə araşdırma aparılması haqda qərar qəbul edilib.
Keçmiş SSRİ Əmanət Bankının əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsinə iyunun 1-dən başlanıb. Bu proses dekabrın 31-də yekunlaşacaq. Ödəmələrin verilməsi “Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti və onun filialları vasitəsilə həyata keçirilir.
Əmanəti olan vətəndaşların sayı 2 milyon 400 min nəfərdir.
0 Komment
Şərh yazın