2000-ə yaxın abituriyentdən gözlənilməz hərəkət
TQDK ixtisas seçiminin nəticələrini yaxın 2 gün ərzində açıqlayacaq
2012-2013-cü tədris ili üçün Azərbaycanın ali məktəblərinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyərək ixtisas seçiminə buraxılan abituriyentlərdən 2000-dən çoxu ali məktəbə daxil olmaq şansını itirib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə cümə günü Trend-ə bildirib ki, ixtisas seçimi avqustun 16-da saat 23:59-da başa çatıb. Həmin vaxtadək ixtisas seçiminə buraxılmış bütün abituriyentlər ixtisas seçimi etməli və mütləq "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni təsdiqləməli idilər. Ərizələrini təsdiqləməyən abituriyentlər müsabiqədə iştirak etmək hüququnu itiriblər.
İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edirlər.
Nağızadə bildirib ki, ixtisas seçimi etmək hüququ qazanan 38 minə yaxın abituriyentin isə yalnız 35 893-ü ixtisas seçimi ərizəsini təsdiq edib.
TQDK rəsmisi ixtisas seçiminin nəticələrinin yaxın 2 gün ərzində açıqlanacağının gözlənildiyini söyləyib.
0 Komment
Şərh yazın