Azərbaycan ilk peykini sığortalayıb

Azərbaycan ilk peykini sığortalayıb

İlk telekommunikasiya peykinin sığortalanmasının təmin edilməsi və bu məqsədlə sığorta şirkətlərinin seçilməsi...

Azərbaycanın ilk telekommunikasiya peyki olan "Azərspace 1"-in orbitə çıxarılması və peykin orbitdə birillik istismar dövrü üzrə sığorta olunması məqsədi ilə Böyük Britaniyanın "Marsh" sığorta brokerinin vasitəsi ilə peykin sığortalanması üzrə müqavilə iyul ayında imzalanaraq qüvvəyə minib. Bu barədə cümə axşamı Trend-ə "Azərkosmos"dan məlumat verilib.

Məlumata görə, "Marsh" sığorta brokerinin iştirakı ilə 1999-cu ildən bu günədək kosmik sığorta bazarında qeydə alınan ən aşağı və əlverişli sığorta tarifinin əldə edilməsinə nail olunub. Bunun əsas səbəbi Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə əlaqədar aparılan uzunmüddətli araşdırma və danışıqlar nəticəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən uğurlu peyk və buraxılış vasitəsinin seçilməsi, peykin və raketdaşıyıcısının istehsalı üçün ABŞ-ın "Orbital Sciences" və Fransanın "Arianespce" kimi etibarlı şirkətlərlə əməkdaşlıq edilməsidir.
"Azərkosmos" ASC-nin insan ehtiyatları, texniki sahə üzrə mütəxəssislərin mütəmadi olaraq xarici ixtisasartırma kurs və təlimlərində iştirakının təmin edilməsi, o cümlədən xarici ölkələrin təcrübəsindən məqsədyönlü və səmərəli şəkildə istifadə kimi bir sıra digər amillər də əlverişli sığorta tarifinin əldə edilməsinə müsbət təsir göstərib.

Bu istiqamətdə beynəlxalq kosmik sığorta xidmətləri bazarına dair ətraflı araşdırmalar aparılıb və "Azərspace-1" peyk layihəsinin sığortalanması üçün aparıcı beynəlxalq reytinq şirkəti olan "Standart&Poors"un qiymətləndirmə sistemi ilə A və AA yüksək etibarlılıq dərəcəsinə malik olan şirkətlərə üstünlük verilib.

"Azərspace-1" telekommunikasiya peykinin orbitə çıxarılması və peykin orbitdə bir illik istismar dövrünü əhatə edən sığorta müqaviləsinə əsasən, baş verə biləcək bütün qəza hallarında "Azərkosmos" ASC sığorta ödənişləri hesabına "Azərspace-1" layihəsini davam etdirmək imkanına sahib olacaq.

İlk telekommunikasiya peykinin sığortalanmasının təmin edilməsi və bu məqsədlə sığorta şirkətlərinin seçilməsi Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 17 avqust tarixli 443 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nda nəzərdə tutulub. Hazırda sözügedən telekommunikasiya peykinin nəzərdə tutulan tarixdə orbitə çıxarılması istiqamətində lazımi tədbirlər həyata keçirilir. Belə ki, "Azərspace-1" telekommunikasiya peykinin 2012-ci ilin sonunda, 2013-cü ilin əvvəlində Cənubi Amerikada Fransa Qvianasında yerləşən Kuru kosmodromundan geostasionar orbitə çıxarılması planlaşdırılır.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər