Maliyyə Nazirliyi icbari sığorta növünün sayını artırır

Maliyyə Nazirliyi icbari sığorta növünün sayını artırır

Sığorta müqavilələri yalnız elektron formada bağlanacaq amma bir şərtlə...

Azərbaycanda icbari sığorta sahəsində bir sıra yeniliyin tətbiqi gözlənilir.
Belə ki, ölkədə icbari sığorta növlərinin sayı artırıla bilər. Bu barədə «APA-ECONOMICS»ə Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov bildirib: «Artıq digər sığorta növlərinin də icbari sığortaya cəlb olunması barədə dəyişikliklər layihəsi var». Lakin icbari kateqoriyasına şamil ediləcək yeni sığorta növlərinin adı hələlik açıqlanmır.

Bu sahədə gözlənilən digər yenilik vahid informasiya sisteminə daxil olan sığorta növlərinin sayının artırılması ilə bağlı olacaq. Hazırda bu sistem yalnız avtonəqliyyat vasitələrinin sığortasında tətbiq olunur.

Sığorta sahəsində təklif olunan daha bir yenilik sığorta müqavilələrinin yalnız elektron formada bağlanmasını nəzərdə tutur. N.Xəlilovun sözlərinə görə, hazırda blank şəklində olan sığorta müqavilələrinin surətinin çıxarılıb satılması halları var. Elektron formaya keçəndən sonra isə bunun qarşısı alınacaq, üstəlik bu, artıq xərclərin qarşısını alacaq. İcbari sığorta müqavilələrinin elektron formada bağlanması ilk növbədə avtomobillərin icbari sığortasına aid olacaq. Lakin bu sistem o vaxt tətbiq olunacaq ki, Dövlət Yol Polisi buna hazır olsun. «Yəni, yol polisi hər hansı avtomobilin sığortalanmış olub-olunmadığını elektron qaydada yoxlamağa hazır olanda bunu tətbiq edəcəyik», - deyə Nazirlik rəsmisi vurğulayıb.

Qeyd edək ki, artıq icbari sığorta ilə bağlı sığorta hadisələri qeydə alınıb və sığorta ödənişləri həyata keçirilib.

Amma avtomobillərin icbari sığortasından fərqli olaraq daşınmaz əmlakın, xüsusilə də fərdi evlərin və mənzillərin icbari sığortası o qədər də geniş yayılmayıb. Qeyd edək ki, kommersiya obyektlərindən fərqli olaraq mənzillərin icbari sığorta olub-olmamasına nəzarət etmək elə də asan deyil. Sığorta nəzarəti xidmətinin rəhbəri bu məsələdə çıxış yolunu yalnız əhalinin maarifləndirilməsində görür. Elə bu məqsədlə payızda Azərbaycanda icbari sığortanın populyarlaşması üçün geniş təbliğat kampaniyasına başlanacaq.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər