Magistr olmaq istəyənlər üçün xəbər

Magistr olmaq istəyənlər üçün xəbər

Kimlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər?

Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul aparılır.

Trend-in Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qəbul 2012-ci il martın 4-də və iyunun 24-də keçirilmiş ikimərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır. Ali təhsil müəssisəsinin magistraturasına qəbul olunmuş bakalavrların boş qalan plan yerlərinə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.

Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 2012-ci il 7 avqust saat 9.00-dan 13 avqust saat 9.00-dək TQDK-nın internet saytının müvafiq səhifəsinə (tqdk.gov.az/erizemagistr) daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ərizəsi"ndə qeyd edib təsdiqləyirlər.

Ərizəni təsdiq etmək üçün bakalavrlar TQDK-nın yeni virtual ödəmə kartını almalı və ixtisaslaşma seçimini təsdiq etmək üçün həmin kartın şifrindən istifadə etməlidirlər.

Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı "Magistr" jurnalının 6-cı sayında dərc olunub. Hər bir bakalavr bu siyahıdan imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq 20-dək ixtisaslaşma kodunu seçə bilər.

Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsində göstərir. Se­çilmiş ixtisaslaşmaların ərizə for­ma­sında göstərilən ardı­cıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların bi­rin­cisinə yerləşdirilir.

Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilik­də və dövlətlərarası razılaş­malar­da digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.

Tədrisi ingilis dilində olan ixtisaslaşmaların dövlət sifarişi üzrə ayrılmış yerlərini seçmək üçün bakalavrın imtahanın birinci mərhələsində ingilis dilindən balı 20-dən, ödənişli yerlərini seçmək üçün isə 15-dən az olmamalıdır.

26 saylı proqramın ödənişli yerlərini seçmək üçün ixtisas üzrə bal 15-dən az olmamalıdır.

Ali təhsil müəssisələrinin magistraturalarına qəbulun nəticələri ilə əlaqədar müraciətlərə TQDK-da yaradılmış apelyasiya komissiyası tərəfindən 2012-ci il avqustun 7-dən 9-dək baxılır.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər