Azərbaycanda işə qəbul olunanlar üçün yenilik

Azərbaycanda işə qəbul olunanlar üçün yenilik

Azərbaycanda işə qəbul olunarkən mütəxəssislərin dövlət dilini bilmə səviyyəsinin xüsusi testlərlə yoxlanılması tələb olunacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlli çərşənbə günü Trend-ə bildirib ki, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"na bu məsələnin salınması gözlənilir.

Dövlət Proqramının hazırlanması üzrə yaradılan işçi qrupu Azərbaycan dilinin elm və təhsil müəssisələrində, KİV-də, idarəetmədə, küçədə, reklamlarda və beynəlxalq aləmdə istifadəsi ilə bağlı təkliflər hazırlayıb.
Onun sözlərinə görə, bu həftə işçi qrupun sonuncu iclası keçiriləcək və Dövlət Proqramında hansı təkliflərin öz əksini tapacağı müəyyənləşdiriləcək.
"Dövlət proqramında Azərbaycan dilinin kiçik yaşlı uşaqlara tədrisindən başlayaraq ali məktəblərdə, xaricdə işlənməsinə qədər zamanın tələbinə uyğun işlədilməsi öz əksini tapacaq", - Veysəlli bildirib.
Direktor əvəzi qeyd edib ki, təkliflər sırasında radio, televiziya və mətbuatda dilin normalarının pozulması hallarına yol verən şəxslərin müəyyən məsləhət şurası tərəfindən cəzalandırılması, dilin cəmiyyətdə işlənməsi ilə bağlı monitorinqin keçirilməsi öz əksini tapacaq.
"Ümumən 30-40 bənddən ibarət təkliflər planı Dövlət Proqramına salınacaq", - İnstitut rəhbəri deyib.
Qeyd edək ki, Prezident İlham Əliyev 2012-ci il mayın 23-də "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" haqqında sərəncam imzalayıb.
Xatırladaq ki, 1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər