Gülhanə Hərbi Tibb Akademiyasına qəbul olmaq istəyən abituriyentlər üçün müsabiqə elan olunub
TQDK-dan APA-ya verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında razılaşdırılmış 2012/2013-cü təlim-tədris ili üzrə kurs planına əsasən, 2012/2013-cü tədris ili üçün Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının ali tibb fakültəsinə müdavimlərin qəbulu üçün müsabiqə elan olunub.
Müsabiqədə 2012-ci ildə mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər. Müsabiqə əsasında 3 nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə təqdim olunacaq.
Müsahibənin nəticələri bəlli olduqdan sonra ən uğurlu göstərici əldə etmiş 1 nəfər namizəd Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasına təhsil almağa göndəriləcək.
Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasının ali tibb fakültəsində təhsil müddəti 6 ildir. Kursantlar təhsil müddəti ərzində tam dövlət təminatındadırlar, pulsuz yemək, geyim forması və yataqxana, eləcə də xərclik ilə təmin olunurlar.
Gülhanə Hərbi Tibb Akademiyasını müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaq və yaşayış yeri ilə təmin ediləcəklər.
1-ci kursda kursantlar hərbi and içir və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilirlər. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Müsabiqədə iştirak etmək istəyənlər iyulun 31-dən avqustun 7-dək TQDK-ya müraciət edə bilərlər.
0 Komment
Şərh yazın