IV ixtisas qrupu üzrə 700 bal toplayanlar eyni məktəbin və sinfin məzunlarıdır
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə iyulun 27-də keçirilmiş qəbul imtahanının nəticələrini dünən açıqlayıb.
Məlum olub ki, test imtahanının nəticəsinə əsasən 2973 abituriyent (xüsusi qabiliyyət tələb edən və aqrar ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb. 2 nəfər maksimal nəticə-700 bal toplayıb.
Modern.az saytının araşdırması nəticəsində məlum olub ki, IV qrupda 700 bal toplayan hər iki abituriyent Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunlarıdır.
Bakı Türk Liseyinin müdiri Kadir Bektaşoğlu Modern.az saytına açıqlamasında məlumatı təsdiqləyib. O, əməkdaşımıza bildirib ki, IV qrupda maksimal nəticə göstərən abituriyentlər Bakı Türk Liseyinin 11A sinfinin məzunları Kamran Elçin oğlu Həmidov və Kamil Hüseyn oğlu Sərdarlıdır.
”Çox sevinirik ki, bu iki abituriyent bizim lisyen məzunlarıdır. Bundan əlavə onu da qeyd edim ki, IV qrup üzrə 696 bal toplayaraq respublika 2-cisi olan abituriyent də bizim liseyin məzunu Pərviz Elşad oğlu Kərimlidir.
Ümumilikdə IV ixtisas qrupu üzrə imtahan verən 15 məzunumuzdan 9-u 600-dən cox bal toplayıb. Onlardan biri 604 bal, qalanları isə 667 baldan yuxari nəticələr göstəriblər – müvafiq olaraq 667, 670, 670, 685, 691, 696, 700 və 700 bal.
Bakı Türk Liseyi məzunlarının bu nailiyyətindən qürur duyur”-deyə təhsil ocağının müdiri Kadir Bektaşoğlu Modern.az-a bildirib.
Xatırladaq ki, bundan öncə keçirilən III qrupun imtahanlarında 1 abituriyent –Sabunçudakı 72 saylı məktəb-liseyin məzunu Xeyransa Əliyeva 700 bal toplaya bilmişdi.
0 Komment
Şərh yazın