Neftçilər Prospektinin təmirinin başa çatma tarixi müəyyənləşdi

Neftçilər Prospektinin təmirinin başa çatma tarixi müəyyənləşdi

Azərbaycan paytaxtının əsas nəqliyyat xətlərindən biri olan Neftçilər prospektində aparılan təmir-tikinti işləri bundan sonra ən az 2 ay davam edəcək.
“APA-ECONOMICS”in xəbərinə görə, iyulun 14-dən prospektin mərkəzi hissəsində - “Azneft” dairəsi ilə Azadlıq meydanınadək Neftçilər prospekti boyu təmir-tikinti işlərinə və yeni asfalt örtüyünün çəkilməsinə başlanıb. Bununla əlaqədar Neftçilər prospektində nəqliyyatın hərəkətinə qeyri-müəyyən vaxtadək məhdudiyyət qoyulub və prospektə çıxışı olan bütün yollar bağlanıb.

Təmir işləri ilə yanaşı, prospekt boyunca kommunikasiya, rabitə, su və kanalizasiya xətləri də dəyişdirilir, yeni xətlər çəkilir və mövcud xətlərin yerləri dəyişdirilir. Artıq bəzi qurumlar işlərin yaxın günlərdə başa çatacağını bildirirlər. «Azəriqaz» İstehsalat Birliyindən «APA-ECONOMICS”ə verilən məlumata görə, artıq prospektin Azneft meydanından Dəniz Vağzalınadək hissəsində qaz xətlərinin dəyişdirilməsi başa çatıb. Dəniz Vağzalından Yusif Səfərov küçəsinə qədər olan hissədə isə işlər avqustun 3-dək başa çatacaq.
Prospekt boyunca su və kanalizasiya xətlərinin çəkilməsi və yenilənməsi də avqustun ilk ongünlüyü ərzində başa çatmalıdır. «Azərsu» ASC-dən bildiriblər ki, Neftçilər prospektinin Funikulyorun qarşısından Əziz Əliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində uzun müddət istifadədə olan metal borulardan ibarət su və kanalizasiya xətləri polietilen borularla əvəzlənib. Hazırda prospekt boyunca 1960 metr uzunluğunda su, 250 metr uzunluğunda kanalizasiya xətti çəkilir. Prospektin Puşkin küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsinə qədər olan hissəsində isə yeni magistral su xətti çəkilir. 1286 metr uzunluğunda müxtəlif diametrli polietilen borularla çəkilən su xətti bu ərazidə yeni tikilmiş yaşayış binalarının içməli su təminatını yaxşılaşdıracaq.
Bakı Telefon Rabitə İstehsalat Birliyinin (BTRİB) baş direktor müavini Xankişi Kişiyev «APA-ECONOMICS»ə bildirib ki, prospekt boyunca rabitə xətlərinin yenilənməsi və yerlərinin dəyişdirilməsi işləri isə artıq başa çatıb.
Kommunikasiya və rabitə xətlərinin dəyişdirilməsindən sonra yolda təmir-tikinti və asfalt örtüyünün dəyişdirilməsi işləri aktivləşəcək. Bu işləri həyata keçirən «Azəryolservis» ASC-dən verilən məlumata görə, digər işlər başa çatandan sonra təmir-tikinti və yol örtüyünün dəyişdirilməsinin azı 2 ay davam edəcəyi gözlənilir.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər