Nazirlər Kabinetinə təqdim olunan ipoteka proqramında hansı dəyişikliklər nəzərdə tutulur?
İpoteka proqramının təkmilləşdirilməsi ilə bağlı təkliflər paketi Nazirlər Kabinetinə təqdim olunub.
Gün.Az-a bu barədə İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov məlumat verib.
“Son məlumatlara görə, hökumət eləcə də parlament ipoteka proqramının təkmilləşdirilməsi ilə bağlı təklifləri nəzərdən keçirir. Güman olunur ki, bu ilin payızından - sentyabr ayından başlayaraq ipoteka proqramına yeni dəyişikliklər ediləcək”.
Onun sözlərinə görə, yeni dəyişikliklər daha çox sosial ipoteka ilə bağlı olacaq:
“Təkliflərdə sosial ipoteka kreditlərinin illik faiz dərəcələrinin 4%-dən 2%-ə endirilməsi, sosial ipoteka kreditlərinin məbləğinin 35 min manatdan 50 min manata artırılması, sosial ipoteka kreditlərindən yalnız gənc ailələrin deyil, subay gənclərin də istifadə etməsi nəzərdə tutulub”.
İqtisadçı həmçinin sosial ipoteka kreditləri üçün ilkin ödənişin Azərbaycan İpoteka Fondu yanında yaradılacaq zəmanət fondu tərəfindən qarşılanması məsələlərinin də təklifdə öz əksini tapdığını bildirib.
Onun sözlərinə görə, sosial ipoteka kreditləşməsi ilə bağlı digər təklif sosial ipoteka almaq üçün tələb olunan sənədlərin sayının kəskin azaldılmasıdır.
“Belə ki, hazırda sosial ipoteka almaq üçün tələb olunan sənədlərin sayı 18-dir. Güman olunur ki, sentyabr ayından yeni ipoteka proqramı tətbiq edildikdən sonra sənədlərin sayı 9-a azaldılacaq”.
İqtisadçının sözlərinə görə, adi ipoteka kreditləri ilə bağlı isə ciddi dəyişikliklərin ediləcəyi gözlənilmir.
“Adi ipoteka kreditlərinin faiz dərəcələrində azalmaların olması nəzərdə tutulmur. Belə ki, adi ipotekanın illik faiz dərəcəsi 8%-də qalacaq. Əgər sonra bank sektorunda faiz dərəcələrində azalmalar olarsa, buna uyğun olaraq adi ipoteka kreditlərinin faiz dərəcələrinin azaldılması mümkündür”.
İqtisadçı həmçinin adi ipoteka kreditlərində də ilkin ödəniş etmək imkanı olmayanların Zəmanət Fondundan yararlanmasının gözlənildiyini deyib:
“Eyni zamanda adi ipoteka kreditlərinin məbləğinin də artırılması məsələləri təkliflər paketində var. Və bunun da qəbul ediləcəyi gözlənilir”.
Onun sözlərinə görə, bütövlükdə yeni ipoteka proqramı sosial ipotekanı əhatə edəcək ki, bu da ipotekaya gənclərin əlçatanlığının genişləndirilməsini təmin edəcək.
Qeyd edək ki, adi ipoteka kreditləri üzrə maksimal məbləğ 50 000 AZN, maksimal illik faiz dərəcəsi 8%, maksimal müddət 25 il, ilkin ödəniş 20% təşkil edir.
Güzəştli ipoteka isə illik 4%, ilkin ödəniş 15% olmaqla maksimum 30 il müddətinə 35 min AZN təşkil edir.
Bildirək ki, ipoteka kreditləri üzrə güzəştlərdən şəhid ailəsinin üzvü (əri/arvadı, övladları); Milli Qəhrəman (özü, əri/arvadı, övladları); məcburi köçkün və ya ona bərabər tutulan şəxs; üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxs; elmlər namizədi və ya doktoru elmi dərəcəsi olan şəxs; idman sahəsində xüsusi xidmətləri olan şəxslər (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçıları (I, II və III yerlər) və üç ildən az olmayan müddətdə hərbi xidmətdə olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçularından başqa) istifadə edə bilər.
0 Komment
Şərh yazın