"Azercell"i yenə azərbaycanlıya etibar etmədilər
Avropanın ən nəhəng telekommunikasiya xidmətləri təminatçılarından biri və dünyada 4G sistemini ilk dəfə istifadəyə buraxan "TeliaSonera" şirkətlər qrupunda baş vermiş vəzifə dəyişiklikləri çərçivəsində bir neçə aydan sonra "Azercell Telekom" MMC-nin prezidenti Ali Ağan Azərbaycanı tərk edəcək. Ağan Özbəkistanda "Ucell" şirkətinin prezidenti vəzifəsində öz fəaliyyətini davam etdirəcək.
MMC-dən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, "TeliaSonera" şirkətlər qrupu daxilində "Azercell" şirkətinin rəhbəri vəzifəsinə isə "Moldcell" şirkətinin prezidenti Kiril Qaburiç təyin edilib.
"TeliaSonera" Avrasiya biznes bölgəsi daxilində həyata keçirilən rotasiya korporativ idarəetmənin gücləndirilməsinə xidmət edir. Biznesin inkişafına imkan yaradan bu təcrübə prezidentlərə öz fəaliyyətlərini daha da genişləndirməyə, yeni vəzifələrdə kreativ, cəlbedici layihələrin reallaşdırmasına şərait yaradacaq. Bunun sayəsində "TeliaSonera" daxilindəki mobil operatorlar yeni perspektivlər və fərqli iş metodlarından yararlanmış olacaqlar.
Qeyd edək ki, Ali Ağan 2008-ci ildən Azercell-in rəhbərliyinə təyin edilib. Ali Ağanın rəhbərliyi dövründə şirkət nəinki bazarda güclü rəqabətə davam gətirib, hətta özünün liderlik mövqeyini qoruyub saxlamağı bacarıb. Ağanın prezidentliyi müddətində "Azercell" orta hesabla 50 faizdən artıq olan mənfəətlilik dərəcəsini qoruyub saxlamağa nail olub.
Kiril Qaburiç 2001-ci ilin avqustundan "Moldcell" şirkətində çalışıb. Bir müddət şirkətin satış direktoru vəzifəsində işlədikdən sonra 2008-ci ilin sonundan "Moldcell"in rəhbərliyinə təyin edilib. Kiril Qaburiç şirkətin maliyyə göstəricilərini yüksəltməyə, abunəçi sayını bir milyonadək, mənfəətlilik dərəcəsini isə 35 faizədək artırmağı bacarıb.
Qaburiç bildirib ki, "Azercell" abunəçilərinə dünya mobil rabitə abunəçilərinin istifadə etdiyi yüksəkkeyfiyyətli xidmətlər təqdim etməkdə davam edəcək.
Şirkət rəhbərlərinin vəzifə dəyişiklikləri bu ilin sentyabr-oktyabrında həyata keçiriləcək.
0 Komment
Şərh yazın